Ukrayna parlamentinə seçkilərdə azərbaycanlılar necə səs verib?

Diaspor nümayəndələri ilə söhbət

Ukraynanın Ali Radasına səsvermə nəticəsində Prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi” Partiyasının nümayəndələri daha çox yer alıblar. Partiyanın sədri prezident seçkiləri zamanı Vladimir Zelenskinin komandasının spikeri olmuş Dmitri Razumkovdur.

AzNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları prezident seçkilərində Vladimir Zelenskini dəstəkləyib. Bu, ilk növbədə, Pyotr Poroşenkonun əvvəlki hakimiyyətinə qarşı səsvermə idi. Ancaq parlament seçkilərində diasporumuzun nümayəndələri müxtəlif siyasi qüvvələrə səs veriblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət CavadovUkrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbərinin müavini Murad Cəfərovla söhbət etdik.

İlk həmsöhbətimiz Hikmət Cavadov oldu.

- Bildiyimə görə, bir çox azərbaycanlılar Mixail Saakaşvilinin "Yeni qüvvələrin hərəkatı" Partiyasına səs vermək istəyirdilər. Digərləri isə Ukrayna Təhlükəsizlik Şurasının sabiq rəhbəri İqor Smeşkonun "Güc və şərəf" Partiyasına səs veriblər. Kimsə Vladimir Zelenskinin "Xalqın xidmətçisi”ni seçdi. İkinci turundan fərqli olaraq səsvermə əsasən, Pyotr Poroşenkoya qarşı gedirdi. Amma nəticədə, bildiyimə görə, Azərbaycan diasporunun heç bir nümayəndəsi Ukraynanın ali qanunvericilik orqanına daxil olmayıb.

- Bu, bizi qətiyyən narahat etmir. Hər şeydən əvvəl, qeyd edim ki, mən "Yeni qüvvələrin hərəkatı" Partiyasının ("RNS") üzvüyəm. Mən bundan sonra da "RNS" ilə işləyəcəyəm, mövqeyimi dəyişmirəm. Bundan başqa, Mixail Saakaşvili hələ seçkidən əvvəl Vladimir Zelenskinin Partiyasına səs verməyə çağırıb ki, "RNS"in 5% - dən az (ən azı Ali Radaya) qalxacağı təqdirdə bizim səslərimiz itməsin.

Bizim konsepsiyamız "Xalqın xidmətçisi" Partiyasına bənzəyir. Odur ki, burada biz heç bir problem görmürük. Bundan başqa, nəzərə almaq lazımdır ki, parlamentə düşmək, müxtəlif vəzifələrə irəli sürülmək üçün illərlə işləmək lazımdır. Elə şey olmur ki, dərhal kimisə seçsinlər. Ali Radaya seçkilərin nəticələrindən razıyam. Bu, Ukrayna üçün böyük şansdır. İlk dəfədir ki, Prezident Partiyasını parlamentdə böyük əksəriyyət təmsil edir.

Mütləq hakimiyyət – qanunvericilik və icra hakimiyyətindən ibarətdir. Qarşıda bizi yerli – şəhər, regional seçkilər gözləyir. Bizim azərbaycanlılar orada fəal iştirak edəcəklər.

Parlament seçkilərinə qayıtsaq, dostlarımız Ali Radada təmsil olunacaqlar. Ukraynalılar həmişə Azərbaycanın və Azərbaycan diasporunu mövqeyini dəstəkləyəcək.

- Bəs siz özünüz parlamentə daxil olmaq istəmirdiniz?

- Mənə təklif edirdilər ki, namizədliyimi "Yeni qüvvələrin hərəkatı" Partiyasının siyahısı ilə verim. Lakin yuxarıda qeyd etdiyim kimi, Mixail Saakaşvili "Xalqın xidmətçisi" Partiyasına səs verməyə çağırıb. Bundan başqa, mənim Azərbaycan vətəndaşlığım var və ondan imtina etmək fikrində deyiləm.

Digər azərbaycanlılara gəldikdə isə, siz başa düşürsünüz ki, majoritar siyahı üzrə seçicilər şərti olaraq Məmmədova yox, Şevçenkoya səs verəcəkdilər. Belə də oldu. Amma başlıcası budur ki, Ukrayna parlamentinə seçilmiş deputatlar arasında bizim də dostlarımız var. Ukraynalılar Ali Radada Azərbaycanı müdafiə edərkən daha səmərəli olacaqlar.

Amma gələcəkdə, təbii ki, biz inkişaf edəcəyik, çalışacağıq ki, diaspor nümayəndələrimiz siyasi partiyaların seçkidə irəli sürdükləri namizədlərin siyahısında olsunlar. Növbəti seçkilərdə biz özümüzü göstərəcəyik (gülümsəyir).

Öz növbəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov bildirdi ki, Azərbaycan diasporu ildən-ilə inkişaf edir:

- Biz keyfiyyət üzərində işləyirik. Ola bilər ki, gələn dəfə artıq Ali Radaya düşək. Bizim diaspor gəncdir və yeni səviyyəyə keçirik, gözəl komanda formalaşır. Biz ölkəmiz haqqında fəal məlumat yayırıq. 2020-ci ildə isə yerli seçkilər keçiriləcək. Biz də orada iştirak edəcəyik.

Babək Göyüş

AzNews.az