Əbülfəs Qarayev Daşkəndə getdi - Prezident Məktəbində və “Minor” məscid kompleksində oldu

Səfər Əbülfəs Qarayevin Özbəkistanın Kokand şəhərində keçiriləcək Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalında iştirakı məqsədi ilə həyata keçirilir

Sentyabrın 14-də Mədəniyyət naziri Əbülfəs Qarayev Özbəkistana səfəri çərçivəsində Daşkənd şəhərində yenicə fəaliyyətə başlamış Daşkənd Prezident Məktəbini ziyarət edib.

Məktəb Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə təsis olunub.

Təhsil ocağı xüsusi metodlar və ən müasir innovasiyalarla təchiz olunub. Həmçinin, məktəbdə mədəniyyətin müxtəlif sahələrinə dair dərnəklər, kurslar fəaliyyət göstərir.

Məktəbin fəaliyyəti ilə tanış olan Əbülfəs Qarayevi Özbəkistan Respublikasının Xalq Təhsil naziri Şirzod Şermatov müşayiət edib.

Görüş zamanı mədəniyyətin müxtəlif sahələrinə aid çoxsaylı Azərbaycan kitablarının, musiqi alətlərinin, eləcə də Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəşri ilə özbək dilində hazırlanmış kitabların Daşkənd Prezident Məktəbinə hədiyyə olunmasının vacibliyi vurğulanıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Əbülfəs Qarayev səfər çərçivəsində Daşkənd şəhərində yenicə istifadəyə verilmiş “Minor” məscid kompleksini də ziyarət edib.

Əbülfəs Qarayevi Ş.Şermatov və məscidin imamı müşayiət edib. Məscidi ziyarət edən nazir Azərbaycanın təşəbbüsü ilə keçirilən Mədəniyyətlərarası Dialoq Forumundan və dövlətimizin həmin foruma verdiyi töhfələrdən danışıb. Ölkəmizdə müxtəlif mədəniyyətlər, dini icmalar üçün yaradılmış şərait haqqında məlumat verib.

Ş.Şermatov da Özbəkistan təcrübəsindən məlumat verərək, ölkədə çoxsaylı məscidlərin, dini mərkəzlərin inşa edildiyini, İslam Sivilizasiyalar Mərkəzi və İslam Akademiyasının yaradıldığını qeyd edib.

Ziyarət zamanı məscidin kitabxanası ilə tanış olan Əbülfəs Qarayev kompleksin yüksək arxitektura və islam ornamentlərindən istifadə olunmaqla inşa edildiyini xüsusi qeyd edərək, bu tikilinin Daşkənddə insanların dini ibadətlərini yerinə yetirmələri üçün geniş şərait yaratdığını bildirib.

Qeyd edək ki, sözügedən səfər Əbülfəs Qarayevin Özbəkistanın Kokand şəhərində keçiriləcək Beynəlxalq Xalq Tətbiqi Sənəti Festivalında iştirakı məqsədi ilə həyata keçirilir. Tədbirdə Azərbaycandan da çoxsaylı sənətkarların iştirakı da nəzərdə tutulub.

image description image description image description