Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb

Göstərilən rəqəm son olmaya və arta bilər

2019-cu ilin üçüncü rübündə Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti bildirib.

Bu cinayətlər nəticəsində 8 nəfər yaralanıb. Hadisələrlə əlaqədar 8 nəfər saxlanılıb, onların 6-ı Hessen federativ ərazisinin payına düşür.

Bildirilir ki, islamofobiya ilə bağlı 187 cinayət hadisəsinin 25-i məscidlərdə və ibadət evlərində törədilib. Bu halda xəbərdə qeyd edilir ki, göstərilən rəqəm son olmaya və arta bilər.

Daha əvvəl alman hökuməti bildirib ki, 2019-cu ilin ikinci rübündə Almaniyada islamofobiya zəminində 165 cinayət hadisəsi qeydə alınıb. Ancaq sonra bu göstərici 222-dək artıb.

İlin birinci rübündə isə islamofobiya zəminində 132 cinayət hadisəsi qeydə alınıb.

AzNews.az