Ən çox terrora məruz qalan ölkə açıqlandı

2019-cu ildə də Əfqanıstan ən çox terror törədilən ölkə olub. Terror nəticəsində dünya üzrə ölən 13 826 nəfərin 41 faizi – 5,725 nəfər Əfqanıstanda ölüb. 6221 nəfərin isə yaralanması da bu ölkənin payına düşür

Dünyada 2019-cu ildə terrordan ən çox əziyyət çəkən ölkələrin adları açıqlanıb.

AzNews.az xəbər verir ki, Mərkəzi Avstraliyadakı İqtisadiyyat və Sülh İnstitutunun 2020-ci il Qlobal Terrorizm İndeksinə görə, 2018-ci ildə olduğu kimi, 2019-cu ildə də Əfqanıstan ən çox terror törədilən ölkə olub. Terror nəticəsində dünya üzrə ölən 13 826 nəfərin 41 faizi – 5,725 nəfər Əfqanıstanda ölüb. 6221 nəfərin isə yaralanması da bu ölkənin payına düşür.

163 ölkənin adının yer aldığı indeksdə göstərilir ki, ən ölümcül 20 terror hadisəsindən 7-si Əfqanıstanda baş verib.

Çoxsaylı ölümlərin baş verdiyi bu terror hadisələrinin 5-ni dünyanın ən ölümcül terror təşkilatı kimi tanınan Taliban qruplaşması, 2-ni isə digər terror təşkilatlarının həyata keçirməsi qeyd olunub.

Hazırlanan indeksə görə, siyahıda 10 ölkə adı- Əfqanıstan, İraq, Nigeriya, Suriya, Somali, Yəmən, Pakistan, Hindistan, Konqo Demokratik Cümhuriyyəti və Filippin yer alıb.

Qeyd edək ki, bu indeksdə Türkiyə 18-ci, ABŞ-29-cu, İngiltərə isə 30-cu yerdə qərarlaşıb. Bundan əlavə, Avropa qitəsində ən çox terrora məruz qalan ölkə kimi Türkiyənin adı çəkilib.