Meksikanın ilk qadın prezidenti vəzifəsinin icrasına başlayıb

Meksikanın ilk qadın prezidenti Klaudiya Şeynbaumun paytaxt Mexikodakı Konqres binasında andiçmə mərasimi keçirilib.

Mərasimdə dövlət başçıları, baş nazirlər, diplomatlar və ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden də daxil olmaqla, əksəriyyəti Latın Amerikası ölkələrindən olan 100-dən çox xarici nümayəndə iştirak edib.

"QADINLARIN ZAMANI GƏLDİ"

62 yaşlı alim və Mexiko şəhərinin keçmiş meri Şeynbaum çıxışında "Dəyişiklik vaxtıdır, qadınların vaxtıdır. Mən bir ana, nənə, alim və qadınam və bu gündən etibarən Meksika xalqının iradəsi ilə mən Meksikanın prezidentiyəm. Biz qadınlar, gözəl millətimizin gələcəyinə rəhbərlik etməyə gəldik. Mən tək gəlmədim, hamımız gəldik",- deyə qeyd edib.

Şeynbaum qadınların hüquqlarını dəstəkləyəcəyini və Latın Amerikasının ikinci ən böyük iqtisadiyyatının beynəlxalq sərmayələr üçün təhlükəsiz yer olaraq qalmasını təmin edəcəyinə söz verib.

Şeynbaum həmçinin təhsil və ictimai səhiyyə xidmətlərinin genişləndirilməsindən tutmuş 1 milyon yeni evin tikintisinə, əsas malların qiymətlərinin məhdudlaşdırılmasına və gender əsaslı zorakılıq və ayrı-seçkiliklə mübarizə üçün islahatlar paketinin tətbiqinə qədər 100 öhdəlik götürüb.

Mövsüm

AzNews.az