- Dünyanın halı
- 14:42
- 955
Ukrayna Müdafiə Nazirliyinin sabiq rəhbərlərinə qarşı ittiham irəli sürülüb

Ukrayna Baş Prokuroru Ruslan Kravçenko Müdafiə Nazirliyinin keçmiş rəhbəri və iki müdafiə müəssisəsinin sabiq rəhbərinə qarşı rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb.
AzNews.az xəbər verir ki, onlar dövlətə 90 milyon qrivnadan çox məbləğdə ziyan vurmaqda ittiham olunurlar.
Baş prokurorun bazar ertəsi Teleqram kanalında yaydığı məlumata görə, Ukrayna Baş Prokurorluğu yararsız tank əleyhinə raket sistemlərinin tədarükü ilə bağlı cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərlik edir. Sözügedən sistemlərin Ukrayna Müdafiə Nazirliyinə çatdırılması nəticəsində dövlət büdcəsinə ciddi ziyan dəyib.
Kravçenko qeyd edib ki, cinayət əməllərinin subyektiv tərəfi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Baş İstintaq İdarəsinin müstəntiqləri tərəfindən müəyyən olunub. İstintaqın gedişində Müdafiə Nazirliyinin bir idarəsinin keçmiş rəhbəri və iki müdafiə müəssisəsinin keçmiş rəhbərlərinin bu qanunsuzluqda iştirakı aşkar edilib.
UTX-nin Baş İstintaq İdarəsinin müstəntiqləri, Daxili Təhlükəsizlik İdarəsinin operativ dəstəyi ilə həmin şəxslərə qarşı Ukrayna Cinayət Məcəlləsinin 114-1-ci maddəsinin 2-ci bəndi (müdafiə qabiliyyətinə zərər vurmaq), 191-ci maddənin 5-ci bəndi (xüsusilə böyük məbləğdə mənimsəmə) və 366-cı maddənin 2-ci bəndi (vəzifə saxtakarlığı) ilə ittiham irəli sürüblər.
Hazırda istintaq davam edir. Rəsmi qurumlar hadisənin detalları və mümkün hüquqi nəticələri barədə əlavə məlumat verməyiblər.
Mövsüm,
AzNews.az