Azərbaycan bu xəbərdən məmnundur: Qızılın qiyməti rekord vurdu

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.

COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.
Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.

Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qızılla bağlı danışmışdı:

“Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı.

Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir.

AzNews.az