Netanyahu: Əməliyyatın adı “Kükrəyən Aslan”dır

Binyamin Netanyahu İsrail və ABŞ tərəfindən başladılan əməliyyatın adını açıqlayıb. O bildirib ki, əməliyyata “Kük­rəyən Aslan” adı verilib.

Netanyahu deyib: “Qısa müddət əvvəl İsrail və ABŞ, İrandakı rejimin yaratdığı mövcudluq təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başlayıb.”

“Trampa təşəkkür edirəm”

Baş nazir çıxışında Donald Trampa təşəkkür edərək bildirib: “Tarixi liderliyinə görə dostumuz Prezident Donald Trampa minnətdaram. Ayətullah rejimi 47 ildir ‘İsrailə ölüm, Amerikaya ölüm’ çağırışları edir.”

Netanyahu İran rəhbərliyini amerikalıların öldürülməsində və öz xalqına qarşı zorakılıqda ittiham edib, həmçinin bu rejimin nüvə silahı əldə etməsinə icazə verilməməli olduğunu vurğulayıb.

“Səbir və mətanət göstərəcəyik”

O əlavə edib ki, birgə addımlar İran xalqının taleyini öz əlinə alması üçün zəmin yaradacaq. Netanyahu İranın müxtəlif etnik qruplarını – farsları, kürdləri, azərbaycanlıları, bəlucları və ahvazlıları – azad və sülhsevər İran qurmağa çağırıb.

Baş nazir İsrail vətəndaşlarını Daxili Cəbhə Komandanlığının təlimatlarına əməl etməyə çağıraraq bildirib: “‘Kük­rəyən Aslan’ əməliyyatı müddətində səbir və mətanət göstərəcəyik. Birlikdə dayanacaq, birlikdə vuruşacaq və İsrailin təhlükəsizliyini birlikdə təmin edəcəyik.”

Mövsüm,

AzNews.az