“Ermənistanı da ən çox narahat edən budur ki...” “Ermənistanı da ən çox narahat edən budur ki...”

“Belarus Ermənistana görə heç vaxt Azərbaycanla...” – Elxan Şahinoğlu

“Ermənistanı da ən çox narahat edən budur ki...”

“Ermənistanın mövqeyi Belarus cəmiyyətini və Belarus prezidentini zərrə qədər də maraqlandırmır”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu dedi. O, Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfərinin nəticələrini şərh edərkən bildirdi ki, səfər çərçivəsində Belarus prezidenti Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığını bildirdi:

“Prezident Aleksandr Lukaşenko Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyindən narazı qaldığını da gizlətmədi. Bilirsiniz ki, KTMT sammitindən sonra Ermənistanın siyasi hakimiyyətində təmsil olunanlar Belarusu sərt tənqid etdilər. Bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Belaus səfirini Bakıda qəbul etdi və ardınca onun Belarusa rəsmi səfəri reallaşdı. Bu səfər çox yüksək səviyyədə baş tutdu. Bəli, Azərbaycanın bütün sahələrdə Belarusla əməkdaşlığı inkişaf edir. Özəlliklə də hərbi sahədə. Ermənistanı da ən çox narahat edən budur ki, KTMT-nin üzvü Belarus Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verir və Azərbaycana özünün yeni silah və texnikasını satır”.

Politoloqa görə, hadisələrin gedişatı göstərdi ki, Ermənistanın mövqeyi Belarus cəmiyyətini və Belarus prezidentini zərrə qədər də maraqlandırmır. Onlar üçün əsas olan Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı genişləndirməkdir. Çünki bu, Belarus üçün daha çox faydalıdır:

“Düşünürəm ki, qarşılıqlı əməkdaşlıq bundan sonra da inkişaf edəcək. Yaxın illərdə biz Belarusdan yeni hərbi texnikalar da alacağıq. Səfər çərçivəsində Prezident İlham Əliyev də vurğuladı ki, Belarusun hərbi texnikası çox keyfiyyətlidir. Bu da o deməkdir ki, biz Belarusdan silah almaqda davam edəcəyik”.

E.Şahinoğlu qeyd etdi ki, kiçik və zəif Ermənistan bu gün Belarus, Qazaxıstan kimi dövlətləri hədələməyə qalxır ki, niyə onlar Ermənistana deyil, Azərbaycana dəstək olurlar:

“Anlamır ki, bu ölkələr Azərbaycanla əməkdaşlıqdan faydalanırlar. Faktlar da bunu aydın şəkildə göstərir. Hətta Ermənistanın ağası Rusiyanın Azərbaycanla ticarət əlaqələri Ermənistanla olan ticarət əlaqələrindən dəfələrlə yüksəkdir. Eləcə də Qazaxıstan və Belarus respublikaları. Ona görə də bu ölkələr heç vaxt Ermənistana görə, Azərbaycanla əməkdaşlığı azaltmazlar”.

Elgün MƏNSİMOV
AzNews.az