Bəs nədən ruslar bu qədər Trampın seçilməsini istəyirdilər? Bəs nədən ruslar bu qədər Trampın seçilməsini istəyirdilər?

Trampı həqiqətənmi impiçment gözləyir?

Bəs nədən ruslar bu qədər Trampın seçilməsini istəyirdilər?

Bəlkə elə doğrudan da ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlılığı haqqında deyilənlər özündə konkret “siyasi haqq-hesab”dan savayı bir şey ehtiva etmir və hətta mümkündür ki, elə doğrudan da rusların ABŞ-dakı sonuncu prezident seçkisinə müdaxiləsi haqqında söylənənlər də əsassız uydurmadan başqa bir şey deyil.

Amma dərhal sual yaranır: bəs nədən ruslar bu qədər Trampın seçilməsini istəyirdilər, hətta çox hörmətli Vladimir Jirinovski müəllim məhz onun seçiləcəyini proqnozlaşdıran iki-üç adamdan biri olmuş, sonrakı çıxışlarında da az qala Trampı “Moskvanın adamı” kimi təqdim etmişdi?

Əslində isə bunlardan da ciddi arqumentlər var. Tramp müddətinin yarısını artıq başa vurub və bu müddət onu bir siyasətçi kimi xarakterizə etmək, hətta Rusiyaya münasibətinin konturlarını cızmaq üçün yetərlidir.

Fəqət, biz “könə sandıq içi eşələmək” niyyətində deyilik, sadəcə, bu yaxınlardaca tutduğumuz bir detalı qeyd etmək istərdik. Bəli, D.Tramp Əfqanıstandan danışırdı, hərləndi-fırlandı və axırda da qayıtdı ki, sovetlərin bu ölkəyə girməsi çox düzgün addım idi, çünki ortada terror təhlküəsi vardı!..

Özümüzü qətiyyən Əfqanıstan probleminin bilicisi saymırıq. Amma otuz il ərzində bircə nəfərdən belə eşitməmişik ki, kimsə sovetlərin Əfqanıstanı işğal etməsini düzgün addım saysın və ona hansısa formada bəraət qazandırsın, çünki o halda dərhal sual yaranar ki, əgər bu doğrudan da düzgün addım idisə, niyə görə başqa ölkə yox, məhz ABŞ-ın özü sovetləri oradan çıxarmaq üçün milyardlar xərcləyirdi, Pakistanda və Əfqanıstanda mücahidlərin hazırlanması üçün hərbi düşərgələr yaradır və faktiki olaraq da əfqan müqavimət hərəkatına başçılıq edirdi?

Hətta rusların özləri də etiraf edirlər ki, Əfqanıstan kampaniyası o vaxtki hakimiyyətin ən böyük səhvi idi, çünki faktiki olaraq SSRİ-nin süqutuna gətirib çıxardı.

O ki qaldı “terror məsələsi”nə, səhv etmiriksə, o, “Alfa” qrupunun Əfqanıstana müdaxiləsilə başladı. Ona görə də bir daha deyirik ki, özümüzü əfqan problemi üzrə bilici saymırıq, amma Əfqanıstanın sözün əsl mənasında cəhənnəmə çevrilməsi sovet işğalından başladı.

İndi bunun təsdiqini təkcə o dövrün siyasətçilərinin memuarlarında axtarmaq lazım deyil, ədəbiyyatda, sənətdə də əksini tapıb bunlar – bir neçə il bundan əvvəl belaruslu (həm də keçmiş sovet!) qadın yazıçı əfqan mövzusundakı əsərlərinə görə ədəbiyyat üzrə Nobel mükafatı da aldı.

Bunları niyə deyirik? Ya Tramp öz çıxış və bəyanatlarını axıra qədər düşünmür, ya da bu adam sözün əsl mənasında Kremllə bağlılığı olan bir siyasətçi tipidir, çünki onun bütün çıxışlarında Moskvaya yönəlik işarələr tapmaq mümkündür. Bəli, bu adam deyə bilər ki, söylədikləri ən azı müasir geosiyasi trendlərə söykənir, iddia edə bilər ki, o, səmimi olaraq Rusiyanı ABŞ üçün əsas təhlükə kimi görmür. Amma ki, nə qədər inandırıcı və səmimi olacaq bunlar?

Şəxsən bizi heç kim inandıra bilməz ki, hansısa ölkənin (lap tutaq ki, Çinin!) inkişaf templəri dünya və ABŞ üçün Rusiyanın nüvə başlıqlarından daha təhlükəlidir – bunu qəbul ediriksə, gəlin açıq deyək ki, qloballaşma və planetar təfəkkür, dörd fundamental azadlıq haqqında indiyədək söylədiklərimizə birdəfəlik tüpürürük...

Odur ki, biz şəxsən bir Allah bəndəsi və ya bəşər olaraq artıq qəbul etmişik ki, bu adam birmənalı şəkildə Moskvanın geosiyasi maraqlarına lobbiçilik edir. Bunun əvəzində ruslar ona nə veriblər və indi nə verirlər, - qoy, bunları ABŞ-ın müvafiq orqanları müəyyənləşdirsin...

Bir çox hallarda o, təbii ki, istəyinə nail ola bilmir. Amma əvəzində bəzi qərarları əngəlləyir, ABŞ siyasətinin ətalətini artır. Məsələn, düşünürük ki, istər Ukrayna məsələsi olsun, istərsə də Suriya, bütün bu problemlərə münasibətdə daha kəsərli və çevik siyasət yürütmək olardı.

Amma bunların heç biri olmadı. Bəli, “ABŞ son bir neçə ildə Yaxın Şərqdə trilyonlarla dollar xərcləyibdir” deməklə özünü haqlı çıxarmaq, “Ukrayna korrupsiyalaşmış axmaq ölkədir” deməklə hətta Krımın ilhaqına belə haqq qazandırmaq olar. Amma ki, bu, ABŞ-ın iddialarına nə qədər uyğun siyasətdi? Total büdcəsi ABŞ-ın hərbi büdcəsinin yarısına bərabər olan Rusiya da Yaxın Şərqə burnunu soxursa Vaşinqton neçə kənarda dayana bilər?

Belə təəssürat yaranır ki, bu adam qəti başa düşmür ki, böyük iddialar çox böyük də xərclər tələb edir.

Sözsüz, burada “Roma papasından artıq xristian olmaq”, ABŞ-ın imperialist siyasətinin təəssübünü amerikalıların özündən də artıq çəkmək fikirində deyilik. Bizim üçün ilanın ağı ilə qarası arasında elə bir fərq yoxdur, amma Dünyanı tək bir ilanın öhdəsinə buraxmaq da təhlükəlidir, çünki kiçik dövlətlərin şansı, mövcudluğu (hələki!) böyük dövlətlər arasındakı ziddiyyətlərlə oynamaqdadır.

Bir də ki, ABŞ siyasəti bizim üçün də artıq öz sakral, humanist mahiyyətini çoxdan itirsə də, bu illər ərzində çox eybəcərliklər faş olsa da, yenə də Dünyadakı demokratik proseslərə azacıq da olsa, hamilik etmək, ona azacıq da olsa diqqət yetirmək iddiaasında bulunan ikinci bir dövlət yoxdur, yalnız ortada bir ABŞ var. Başa düşürəm, təkcə son aylarda baş verən müdhiş hadisə - səudiyyəli jurnalist Camal Qaşıqçının qeyri-insani bir şəkildə qətlə yetirilməsi “ABŞ və demokratiyaya dəstək” məsələsinə uzunmüddətli nöqtə qoymaq iqtidarındadır. Amma bizə belə gəlir ki, burada da Trampın qələtləri az deyil...

Odur ki, D.Trampa impiçment elan olunsa, buna yalnız sevinərik. Üstəlik, Nümayəndələr Palatasının təmsilçiləri bunun üçün xeyli əsas olduğunu deyirlər. Bu isə o deməkdir ki, qarşıdakı iki il də Tramp üçün heç də sakit və rahat keçməyəcək. Təbii ki, onun proteksionist yönümlü çağırışları, “Hər şey ABŞ üçün, hər şey amerikalılar üçün!” deməsi orta statistik amerikan meşşanının ruhunu oxşayır. Üstəlik, Qüdslə bağlı qəbul olunmuşq qərarın yəhudi diasporunu da onun tərəfinə çəkdiyini deyənlər bir az tələsirlər –yəhudilərin heç də hamısı düşünmür ki, İsrailin paytaxtı bağlı qəbul olunmuş qərar Yaxın Şərqə və xüsusən də İsrailin özünə sülh və əminamanlıq gətirəcək, çünki heç xristian dünyası da bunu dəstəkləmir və biz bunu BMT-dəki səsvermə zamanı gördük...

Əlbəttə, impiçment mürəkkəb məsələdir. Amma yaxın keçmişdə bu Riçard Niksonla bağlı baş tutmuşdusa, deməli ən azı cəhd etmək olar. O ki qaldı onun nə dərəcədə real olmasına, ən azı növbəti seçkilərdə Tramp rədd olub getsə, bunun özü də qələbədir – bəli, kiçik də olsa... (Musavat.com)