- Müşahidə məntəqəsi
- 21 Yanvar 2021 17:06
- 7 334
Ermənistan ordusunun əsas qaçaqmal silah təchizatçısını tuturlar…

Tonoyan qısa müddət ərzində məhz bu biznesdən külli miqdarda varidat əldə edib
Ermənistan Milli Təhlükəsizlik Xidmətində iş adamı David Qalstyana qarşı bir neçə cinayət işi başlanıb. Erməni KİV-nin verdiyi məlumata görə, Qalstyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətin sahibidir. Onunla əlaqəli strukturlar Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. Bundan əlavə o, İrəvanda “Kalaşnikov” avtomatlarının yığılması ilə məşğul olan “Neutron” QHT-nin də sahibidir.
Təhlükəsizlik şöbəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Qalstyan Müdafiə Nazirliyinin bir qrup məmuru ilə birlikdə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu vəsaitlərin müdafiə satınalmaları üçün nəzərdə tutulduğu bildirilib. Ümumilikdə, Müdafiə Nazirliyi və Baş Qərargah rəsmiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı dörd cinayət işi başladılıb. Milli Təhlükəsizlik Xidməti Qalstyanın ölkədən çıxışına qadağa qoyulub-qoyulmadığına dair sualı cavablandırmaqdan imtina edərək, bunun istintaq sirri olduğunu bildirib.
Ermənistanda baş verən bu hadisə ilə bağlı ekspertlər nə düşünür?
“Hazırda acınacaqlı vəziyyətə düşən Ermənistan iqtisadiyyatının belə “donor”lara ehtiyacı var”
Politoloq Yeganə Hacıyeva açıqlamasında bildirdi ki, erməni mediası bunu Qarabağdakı uğursuzluqla əlaqələndirir: “Bu şəxslə bağlı məlumatlar hələ keçən ilin sonundan yayılmağa başladı. Qalstyan David Tonoyanın əsas silah təchizatçılarından olub. Müharibə zamanı aydın oldu ki, onların aldıqları silahların çoxu yararsız olub. Tonoyan qısa müddət ərzində məhz bu biznesdən külli miqdarda varidat əldə edib. Bu işdə ona əsas vasitəçiliyi məhz Qalstyan edib. Qalstyanla bağlı işin araşdırılması yalnız daxili faktorla bağlı deyil. Biz hər zaman sizinlə Qarabağ ərazisi vasitəsilə kirli daşınmaların olduğunu yazmışıq. Burada silah qaçaqmalçılığı xüsusi yeri tuturdu. Kanadada yaşayan erməni əsilli Nubar Afoyan da var. O da Qalstyanla çirkli alverdə olub. Deməli, bunların hərəkəti həm də beynəlxalq arenada diqqəti cəlb edib. Qeyri-leqal silah daşınmalarına diqqət hər zaman yüksək olub. Azərbaycan tərəfi Rusiyaya qarşı Ermənistanı silahlandırmaqla bağlı ittihamlar irəli sürəndə cavab belə olmuşdu ki, belə daşınmalar özəl şirkətlər tərəfindən aparılıb. Söhbət Qalstyan kimi iş adamlarından gedirdi. Görünən budur ki, bizim bildirdiyimiz iradların da bu məsələdə rolu olub. Çox güman ki, bu cinayət işinin açılmasında Rusiya hakimiyyətinin də razılığı olub”.
Ekspertin sözlərinə görə, əsas məqsədlərdən biri də həmin adamlardan külli miqdarda pul almaqdır: “Hazırda acınacaqlı vəziyyətə düşən Ermənistan iqtisadiyyatının belə “donor”lara ehtiyacı var”. (Bakı-Xəbər)
AzNews.az