Avropa Şurasında 20 ilimiz: bu qurum bizə nə verdi?

“Yaxın gələcəkdə siyasi məhbus problemi gündəmdən düşəcək"

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 20 il ötdü. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycan artıq 20 ildir Avropa ailəsinin üzvüdür. 2000-ci il iyunun 26-28-də AŞ PA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatıdır. Avropa İttifaqının 28 üzv dövlətləri daxil olmaqla, 47 üzv dövlətdən ibarətdir. Lakin bu illər ərzində ziqzaqvari münasibətlər yaşamış Azərbaycana bu qurumun nə verdiyi özü müzakirə predmetidir.

AŞ ilə tez-tez gərginlik yaşanıb, müxtəlif bəyanatlar, qətnamələr qəbul olunub. Xüsusilə siyasi məhbuslarla, siyasi azadlıqlarla bağlı məsələdə rəsmi Bakı ilə gərginliklər daima olub. Amma qurum heç zaman Ermənistanın işğalçı, təcavüzkar siyasəti haqda tutarlı sənəd qəbul etməyib. Son aylarda Azərbaycan Prezidenti İlham Əliyev də AŞ-dən giley-güzarını dilə gətirirdi. Hətta bu qurumun üzvlüyündən çıxmaq məsələsi də zaman-zaman gündəmə gəlib. Sitat: “Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir”.

Yəni bu illər ərzində AŞ ilə rəsmi Bakının münasibətləri həmişə enişli-yoxuşlu olub. Bundan sonra qurumdakı üzvlüyümüz hansı perspektiv vəd edir, onun geniş təhlilə ehtiyacı var. Azərbaycanın AŞ üzvü qalması nə vəd edə bilər?

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Avropa Şurasına üzvlük üçün Azərbaycan özü müraciət edib. Onun sözlərinə görə, bu əməkdaşlıq ciddi nəticələr doğurub: “Avropa Şurasının bir çox layihələri həyata keçirilib, qanunların təkmilləşdirilməsi, dövlət işçilərinə treninqlər bu qurum vasitəsilə reallaşıb. Qurumdan Azərbaycana səslənən iradlar da rəsmi Bakının götürdüyü öhdəliklər, yerli idarəetmə ilə bağlı olub. Məsələn, böyük şəhər institutu yaradılması, mer seçkisi keçirməyə könüllü qoşulub, amma yerinə yetirilməyib”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

N.Cəfərli bildirdi ki, Azərbaycanla AŞ arasında işgüzar münasibətlərin yaxşı zamanları da olub: “Artıq siyasi məhbus məsələsi getdikcə aktuallığını itirir, kökündən həll olunması zaman məsələsidir. Güman edirəm ki, Novruz bayramında siyasi məhbus problemi tamamilə həllini tapa bilər. Çünki bu, Azərbaycanın özünə ziyandır. Bu məsələdə hökumətdə də fikir formalaşıb. Son dövrlər ölkədə atılan pozitiv addımlar da göstərir ki, yaxın gələcəkdə siyasi məhbus problemi gündəmdən düşəcək. Bundan sonra Avropa Şurası ilə münasibətlərin müsbət yöndə inkişafı üçün fürsətlər açılacaq”.

REAL funksioneri hesab edir ki, Azərbaycanın orada təmsilçiliyi çox önəmlidir: “Bizim 44 günlük müharibədən qalib çıxıb, ərazi bütövlüyünü böyük ölçüdə həll etməyimiz, sülhməramlılar və Rusiya ilə bağlı məsələlər Avropa Şurasının institutlarından istifadə etməyimizi məntiqli edəcək. Bu qurumda təmsilçilik Ermənistanın qaldıra biləcək hanssıa məsələni neytrallaşdırmaq üçün platforma olacaq. Ona görə problemlər aradan qalxdıqca əməkdaşlıq da inkişaf edəcək”.

Ramiyə Məmmədova:

Ramiyə Məmmədova

Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Avropa Şurası bizə lazımdır: “Ondan uzaqlaşmaq Qərblə münasibətləri gərginləşdirə bilər.Doğrudur, bu qurum zaman-zaman ədalətsiz mövqedə dayanıb, Ermənistana haqlı tənqidləri etmədiyi halda bizə qarşı qərəzli bəyanatları olub. Ancaq orada təmsilçilik Avropa ailəsinin bir üzvü kimi vacibdir. Azərbaycan bu təşkilatla əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz haqlı mövqeyini Avropa və dünyaya çatdıra bilir. Avropa Şurası Ermənistanın işğalçılıq siyasətini göz önünə qoyan bir sıra sənəd qəbul edib. Azərbaycan regional gücə sahib dövlətdir. Bu dövlətlə münasibətləri pisləşdirmək Avropa Şurasını heç bir formada qane edə bilməz”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”