“Bu görüş qarşılıqlı kompromis əsasında olacaq” - ŞƏRH

Elman Vəliyev: “ "Dağlıq Qarabağın" statusu müzakirə predmeti olmayacaq! Qarabağda erməni ordusu olmayacaq!”

Siyasi şərhçi Elman Vəliyev AzNews.az analitik-informasiya portalına açıqlama verib.

“Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasına baxmayaraq hələ də sülh əldə edilməyib. Noyabr ayının əvvəllərində iki rəhbərin yenidən bir araya gələcəyi bildirilir. Müzakirənin predmetlərini kommunikasiya, mina xəritələri, əsirlər, Zəngəzur dəhlizi təşkil edəcəyi gözlənilir. Ermənistan tərəfi mina xəritələrini verməyə hazırdır. Bunu Nikol Paşinyan da bəyan elədi. Qarşılığında Azərbaycandakı erməni diversantlarını geri qaytarmağı bildirdi. Hesab edirəm ki, Azərbaycan tərəfi bunu güzəştə gedə bilər. Bölgədə kommunikasiya sistemlərinin açılması mümkündür. Hər iki tərəf buna müsbət yanaşır. Bu görüş qarşılıqlı kompromis əsasında olacaq”.

Siyasi şərhçinin fikrincə, görüşdə Ermənistan tərəfinə də güzəştlər ediləcək: “Qarabağda yaşamaq, nəqliyyat yolları ilə gediş-gəliş əldə etmək, blokadadan çıxmaq kimi güzəştlər Ermənistanı gözləyir. Dağlıq Qarabağın statusu müzakirə predimeti olmayacaq! Qarabağda erməni ordusu olmayacaq! Tərəflər arasında əsas məsələ delimitasiya və demarkasiyası məsələsidir. Bu məsələnin həllini Sovet Rusiyası xəritələri əsasında aparacaqlar. Çünki bu istiqamətdə danışıqlar gedir. Önəmli məqam orasındadır ki, bu xəritələr hansı dövrün xəritələri olacaq. Bildiyimiz kimi, SSRİ-nin dağılması ərəfəsində Ermənistan Azərbaycanın bir çox yerlərini işğal etmişdir. Ancaq SSRİ-nin qurulması ərəfəsində isə Ermənistan təkcə İrəvan və ətrafından ibarət idi. Amma hesab edirəm ki, bu xəritələr SSRİ-nin yaranan ərəfələri əsasındakılara istinad edəcəklər”.

E.Vəliyev bu dəfəki görüşün uzlaşma ilə nəticələnəcəyini düşünür.

“Digər məsələ Zəngəzur dəhlizi məsələsidir ki, bunun həyata keçməsinə şübhəm yoxdur. Türkiyə Prezidenti R.T.Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında bir çox önəmli məqamlara toxundu. Bunlardan biri də Zəngəzur dəhlizi məsələsi idi. Həmin gün Zəngəzur dəhlizinin əsası qoyuldu. Bu dəhliz Zəngilanın Ağbənd bölgəsindən keçərək Azərbaycanı Türkiyə ilə, Türk dünyası ilə birləşdirəcək. Rusiya tərəfi də bu dəhlizin açılmasına müsbət yanaşır. Həmçinin tərəflər Türkiyə tərəfinin irəli sürdüyü 3+3 formatını da müzakirə edə bilərlər. Zənn edirəm ki, bu format zamanla həyata keçəcək. Ermənistan tərəfi Azərbaycanla münasibətləri yumşaldarsa, Türkiyə ilə də uzlaşmalar olacaq. Bu məsələlərdə Rusiya tərəfini gözdən qaçırmaq olmaz. Tərəflər arasında danışıqları Rusiya edir.

Əlbəttə ki, bunda Rusiyanın maraqları vardır. Bəlkə də, Rusiya o masada sülhməramlıların müddəti məsələsinə də toxunsun. Sadəcə bir təxmindir. Çünki Rusiya sülhməramlıların bölgədən çıxmasını istəməz. Ancaq biz buna razılıq verməməliyik. Elə etməliyik ki, sülhməramlılara ehtiyac qalmasın", - deyə o bildirir.

Şəbnəm Zahir