Hikmət Babaoğlu: “Mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir” Hikmət Babaoğlu: “Mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir”

“Brüssel görüşlərinin 3-cü raundu ən məhsuldar raund kimi qiymətləndirilməlidir”

Hikmət Babaoğlu: “Mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir”

Milli Məclisin deputatı Hikmət Babaoğlu AzNews.az analitik-informasiya portalına açıqlama verib.

O bildirib ki, Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər.

"Hər şeydən öncə ona görə ki, Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərəçarpaçaq razılaşmalar əldə edildi.
Görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən məsələlər deyil, həm də müzakirə edilməyən məsələlər olduğunu qeyd etmək lazımdır. Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bununla da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cəhdlərinə birdəfəlik son qoyuldu”.

Hikmət Babaoğlunun sözlərinə görə, bu həqiqətlər yalnız Paşinyan tərəfindən də yeni reallıq kimi dərk edildiyinə görə dərhal bir neçə istiqamət üzrə mövqelərdə birdən birə yaxınlaşma baş verdi.

“Bu yaxınlaşmalar ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi. Aydındır ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir. İkncisi kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələrdən biri də gömrük qaydalarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən bir bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi. Digər mühüm blok humanitar blok idi ki, burada da minaların xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itikin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsələsi idi ki, beş saatlıq görüşdə bu da müzakirə edildi”.

Deputat sonda vurğulayıb ki, xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşma isə ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq. Bu da özlüyündə iyul-avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Ona görə də Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür.

Şəbnəm Zahir