- Müşahidə məntəqəsi
- 25 May 2022 17:53
- 13 944
“Azərbaycan diplomatik müstəvidə də qələbəsini təmin edir”
Ümid edək ki, danışıqların 4-cü raundu artıq həllini tapmış məsələlərlə yadda qalacaq
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş keçirildi. 5 saat davam edən görüş həmin platformada sayca 3cü olsa da, əldə edilən nəticələr və perspektivlərə yaranan ümidlər baxımından digərlərindən seçilir. Səfər çərçivəsində keçirilən görüşlər həm yerli, həm də beynəlxalq mediada geniş müzakirə olunub.
Görüşdə görünən mənzərə ondan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər artan xəttlə inkişaf edir. Aİ regionda dayanıqlı sülh, etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mühitinin yaradılmasında maraqlı olduğunu təsdiqləyir. Təşkilat müntəzəm olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının tərəfdarı kimi təşəbbüslərini davam etdirir. Ona görə ki, Azərbaycanın yaratdığı yeni siyasi reallıqları Qərb daxil olmaqla bütün qütblər qəbul edir, razılaşır və bu reallıqların bir parçası olmağa can atır. Mövcud beynəlxalq gərginliklər fonunda və bu gərginliklərdən ən çox əziyyət çəkən məkanın elə Avropa olduğunu nəzərə aldıqda, iddia edə bilərik ki, sabitlik və əməkdaşlıq, dinc birgəyaşayış xüsusən Qərb məkanında prioritetə çevrilib. Üstəlik bu gərginliklər kontekstində Azərbaycan müvafiq bölgədə və bütövlükdə Avropa regionunda nə dərəcədə önəmli rol oynadığını, açar dövlət olduğunu təsdiq etdi. Ümumilikdə isə Cənubi Qafqaz regionunun xüsusi geostrateji mövqedə yerləşməsi, Qərbdən-Şərqə, Şimaldan-Cənuba nəqliyyat, enerji xəttlərinin qovşağında yerləşməsi burada sülhün bərqərar olunmasına ehtiyacı daha da artırır. Ona görə də, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi son dövrlər Avropa İttifaqının sülh gündəliyində başlıca yerdə dayanır.
Görüşün nəticələrinə dair əsas qənaət ondan ibarətdir ki, İrəvan uzun illərdən bəri hər nə qədər sülhdən qaçma ritorikasına sadiqlik nümayiş etdirsə də, ölkəmiz Ermənistanı vərdişlərindən uzaqlaşdırma yolunda addımlar atır. Bu addımların bariz nümunəsi ondadır ki, Nikol Paşinyanın Azərbaycanın irəli sürdüyü beş baza prinsipi çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatından sonra məhz elə həmin baza prinsipləri əsasında Brüsseldə nəzərəçarpacaq razılaşmalar əldə edildi. Öncəki görüşlər kimi bu görüşdə də Azərbaycanın siyasi leksikonunda olmayan ifadələrdən, beynəlxalq hüquqa zidd gələcək fikirlərdən istifadə edilməmişdir. Gündəmin əsas problemi olan sərhədlərin müəyyənləşməsi ilə bağlı önəmli addım atılmış oldu. Azərbaycan və Ermənistan tərəfindən qarşılıqlı olaraq dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının tərkibi rəsmən müəyyən edildi. Bununla bağlı təyin olunmuş icra başçılarının siyahısında Qazaxın və Naxçıvanın rayon rəhbərlərinin də yer alması faktı göstərir ki, anklavlar məsələsi də görüşdə müzakirə olunub və yaxın zamanda uğurlu nəticələrin şahidi ola bilərik. Bundan əlavə, Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunulub ki, bu məsələ onsuzda Azərbaycanın gündəliyində yer alan, ümumilikdə ölkəmizin daxili siyasət meyarlarına zidd deyil. Azərbaycan tolerant ölkə olaraq bütün xalqların birgəyaşayışına şərait yaradır.
Üstəlik, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi də vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. Elə bu blokda ən əsas məsələlərdən biri də gömrük qaydalarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində, danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən bir bu idi. Çünki, bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik təşkiletmə baxımından aktual idi.
Digər önəmli məqam humanitar məsələlərlə bağlıdır. 5 saat keçirilən görüşdə mina xəritələrinin təqdim edilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itkin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi müzakirə olunub. Qərara alınıb ki, yaxın vaxtda Xarici işlər nazirlərinin görüşü keçirilsin. Ehtimal ki, həmin görüşdə humanitar məsələlərin müzakirəsi müəyyən nəticələr verəcək. Nəzərə alsaq ki, iyul - avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü gözlənilir, deməli, növbəti görüşün gündəliyi öncədən təmin olunacaq.
Ümid edək ki, danışıqların 4-cü raundu problemlərin müzakirəsi və həllinə hesablanmış danışıqlarla deyil, artıq həllini tapmış məsələlərlə yadda qalacaq.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi