Ərşad Hüseynov: "Bunlar yeni və mürəkkəb bir yolayrıcına çıxmaq kimidir"

BNA ilə bağl Fərman gözlənilən idi. Məsələ burasındadır ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır. Belə bir vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir.

Yaxın 3 ayda BNA ləğv ediləcək və onun səlahiyyətlərini, özü də bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri (təbii ki, başqa ad, məsələn, AYNA-nın departamenti adı altında) həyata keçirəcək...

Bundan sonra bəhs etdiyim vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir. Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəısində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərinin (loru dildə - şəhər meriyalarının) və bələdiyyələrin rolu müəyyən olunmalıdır.

Ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. Burada dövlətin və özəl sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz...

Nə isə, görüləcək işlər çoxdur. Bütün bunlar yeni və mürəkkəb bir yolayrıcına çıxmaq kimi bir şeydir. Ümid edək ki, seçilmiş və irəliləyəcəyimiz yol ən doğru və ən uğurlu yol olacaq...

Ərşad Hüseynov