- Müşahidə məntəqəsi
- 18 Sentyabr 2023 14:14
- 5 858
Ağdam-Xankəndi yolunun açılması növbəti proseslərin irəli getməsinə ciddi təkan verəcək - Elman Babayev
ABŞ, Fransa kmi ölkələr nəhayət anlamalıdırlar ki, təzyiqlər rəsmi Bakının haqlı mövqeyini dəyişməyə qadir deyil/
Təqribən 3 ay davam edən danışıqlardan sonra Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın növbəti tarixi qələbəsidir. Təbii ki, Azərbaycanın mövqeyinin qalib gəlməsi növbəti proseslərin irəli getməsinə ciddi təkan verəcək və sülh anlaşmasının imzalanmasına olan maneələrin aradan qalxmasında xüsusi rol oynayacaq. Hamı artıq bir daha anladı ki, artıq bu ərazidə yalnız Azərbaycanın sözü keçir və keçəcək. Burada yaşayan erməni əsilli ermənilər də digər azlıqlar kimi Azərbaycanın qanunları çərçivəsində təhlükəsiz şəraitdə yaşamalıdırlar.
Sentyabrın 18-dən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin məhz ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşınmasının reallaşması heç də asan başa gəlmədi. Bu müddət ərzində Azərbaycana öz mövqeyindən geri çəkilməsi, bu yolun açılması ilə bağlı təklifini geri götürməsi üçün müxtəlif səviyyələrdə təzyiqlərə əl atıldı. Xüsusilə ABŞ və Fransa ermənilərin ağzı ilə danışaraq ancaq Laçın-Xankəndi yolunun açılmasını tələb etdilər. Rəsmi Bakının Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması təklifinin üzərində israrla dayanmasını görən bu ölkələr əllərində olan bütün təzyiq rıçaqlarını işə saldılar, müxtəlif qətnamələr, hesabatlr qəbul olundu və s. Erməni lobbisinin rahat yol tapdığı bütün media quruluşları ölkəmizin əleyhinə qaralama kampaniyası apardı. Düşünülürdü ki, Azərbaycan artan bu təzyiqlər qarşısında duruş gətirə bilməyəcək. Amma Azərbaycan növbəti dəfə müstəqil siyasət yürütdüyünü, onunla təzyiq dili ilə danışmağın mümkünsüzlüyünü, bu ərazinin sahibi olduğunu isbatladı. Necə ki, bunu vaxtilə transmilli enerji layihələrinin həyata keçirilməsində, ən son olaraq 44 günlük Vətən müharibəsində sübuta yetirmişdi.
Məlumdur ki, ABŞ tərəfi ilə aparılan danışıqlar zamanı bu ilin 1 sentyabrın tarixindən paralel şəkildə yolların işə salınacağı razılaşdırılmışdı. Amma ABŞ məhz ermənilərin, Qarabağdakı separatçıların qalıqlarının diktəsi ilə hərəkət edərək öz mövqeyindən geri durdu, razılaşmanın tələblərinin yerinə yetirilməsinə cüzi də olsa, səy göstərilmədi.
Bu, ABŞ kimi bir dövlətin əslində erməni lobbisinin, sepertaçıların qarşısında duruş gətirə bilməməsinin, aciz duruma düşməsinin növbəti bariz nümunəsi idi. ABŞ 30 il ATƏT-in Minsk Qrupunun həmsədri olanda da öz super gücünü ermənilərin iradəsinə tabe etmişdi. Əks təqdirdə işğalın 30 il uzanmasına xidmət edən bir siyasət yürütməz, ermənilərin dedikləri ilə oturub durmazdı. Artıq bir daha əminliklə vurğulamaq mümkündür ki, ABŞ, Fransa kimi ölkələr həmişə bölgədə ermənilərin maraqlarına xidmət edən siyasət yürüdüb və heç vaxt real sülhün əldə olunmasına, problemlərin bitməsinə çalışmayıb. Elə bir nümunə tapmaq mümkündürmü ki, ABŞ ötən dövrdə Ermənistana işğalçı siyasətə son qoymaq üçün təzyiq etsin, öz imkanlarını bunun üçün səfərbər etsin? Yox! Əvəzində Azərbaycana təzyiqlər edilib və Laçın yolu ilə bağlı baş verənlər də bunun ən son nümunəsidir.
İndi bir tərəfdə rəzil duruma düşən ABŞ və Fransa var, digər tərəfdə Azərbaycanın üstünlük qazanan siyasi iradəsi. Azərbaycan Ağdam-Xankəndi yolunun əhəmiyyətini, funksionallığını həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə anlatdı və bunu gerçəkləşdirdi.
ABŞ, Fransa kimi ölkələr isə nəhayət anlamalıdırlar ki, hansısa məsələdə Azərbaycana qarşı təzyiq vasitələrinin işə salınması, qarayaxma kampaniyasının gücləndirilməsi və qərəzli hesabatların, qətnamələrin yayılması rəsmi Bakının siyasi strategiyasında heç nəyi dəyişməyə qadir deyil.
Elman Babayev