- Müşahidə məntəqəsi
- 6 Oktyabr 2023 20:15
- 8 208
Turan Rzayev: "Bu layihələr Ermənistana da bir dərs olmalıdır"
Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrakstrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.
"Azərbaycan-İran münasibətlərinin hazırkı mərhələsi və pisləşməsində birbaşa İran tərəfi günahkardır. İranın sərgilədiyi xoş qonşuluq niyyətlərinə sığmayan yanaşmalar, rəsmilərin bəyanatları, daha sonrakı mərhələdə də səfirliyimizə edilən xain terror hücumu və burda da İran hakimiyyətinin günahkar olması kimi məsələlər iki ölkə arasındakı münasibətləri qopma həddinə gətirib çıxardı. Amma İran ən azından indiki məqamda'Azərbaycanla hədə ritorikasında danışmağın əhəmiyyətsiz olduğunu, bunun nəticəsinin olmayacağını dərk edib".
Bu sözləri mövzu ilə bağlı AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O həmçinin bildirib ki, regionda siyasi proseslər çox sürətlə dəyişdiyi üçün İran Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı görünür.
''Zəngilanda Azərbaycanla İran arasında körpünün təməlinin qoyulması da, əslində, bunun ilk işartıları ola bilər. Bildiyiniz kimi, Azərbaycan, İran və Türkiyə arasında müvafiq bir saziş, əməkdaşlıq var. Ermənistanın Zəngəzurda ortaq məxrəcə gələ bilməməsi səbəbindən rəsmi Bakı məhz Naxçıvanla Azərbaycan ərazisini birləşdirəcək yolun İran ərazisindən keçməsinə razılıq verib.
Öncədən də Azərbaycanla İran arasında sazişlər imzalanmışdı. Müvafiq kommunikasiya xəttlərinin açılması, qarşılıqlı əməkdaşlıq, siyasi münasibətlər ölkələr arasında tez-tez dəyişir. Bu bilinən bir şeydir, ancaq iqtisadi münasibətlər davamlıdır. Azərbaycan indiki məqamda İran vasitəsilə Naxçıvanla bağlantı yaradır və bu Şərq-Qərb nəqliyyat dəhlizinin potensialının artırılmasını, eləcə də iqtisadi əlaqələrin, regional imkanların genişləndirilməsini özündə ehtiva edən bir layihədir. Azərbaycan qonşularına qarşı hər zaman xoş münasibət içərisində olub. Hazırda icra edilən layihə Şərq-Qərb nəqliyyat dəhlizi baxımından olduqca önəmlidir".
Politoloq vurğulayıb ki, bayaq qeyd etdiyimiz saziş 2022-ci ilin martın 11-də İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumuna əsaslanır
"Həmin ilin sentyabrın 21-də Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin iştirakı ilə Şərqi Zəngəzur rayonu ərazisində İran dövlət sərhəddində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsü təməl qoyma mərasimi də keçirilmişdir. Hazırkı mərhələ iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin normallaşması, həmçinin iki ölkə münasibətlərinin regional aspektdə inkişafı baxımından vacibdir. Biz bundan sonra da münasibətlərin inkişafını görə bilərik, əgər İran əvvəlki ritorikasına qayıdarsa, Azərbaycan da bu ritorikadan istifadə edəcəkdir. Eyni zamanda bu layihələr həm də Ermənistana bir dərs olmalıdır. Ermənistan inadına davam edərsə, təklənmiş, regional layihələrdən kənarda qalmış bir ölkə olacaqdır".
Rəfiqə NAMAZƏLİYEVA