İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İran və ABŞ arasında aparılan danışıqların rəsmi vasitəçisi hələ də Pakistandır.

Aznews.az xəbər verir ki, Bəqai dövlət televiziyasına müsahibəsində Pakistan Ordusunun komandanı general Asim Munirin Tehrana səfərinə münasibət bildirib. O qeyd edib ki, son günlər intensivləşən diplomatik təmasların əsas məqsədi müharibənin dayandırılmasıdır.

İran XİN sözçüsünün sözlərinə görə, hazırkı mərhələdə nüvə məsələlərinin müzakirəsi nəzərdə tutulmur. O bildirib ki, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması xüsusi həssaslıq tələb edir. İranın tətbiq etdiyi dəniz blokadası da əsas müzakirə mövzularından biridir.

Bəqai vurğulayıb ki, Tehran hazırda diqqətini müharibənin dayandırılmasına yönəldib: “İran bundan əvvəl iki dəfə danışıqlar aparıb, lakin qarşı tərəf sonradan müharibə və təcavüz yolunu seçib”.

O əlavə edib ki, ABŞ-ın tələbləri maksimalist xarakter daşıyır, lakin İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz qalır. Sözçü qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüdür və dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir.

Bəqai bildirib ki, Tehran uran materialı ilə bağlı mövqeyini açıq şəkildə qarşı tərəfə çatdırıb.

İran XİN rəsmisi Qətər nümayəndə heyətinin Tehrana səfərinə də toxunaraq deyib ki, heyət İranın xarici işlər naziri ilə görüş keçirib. Onun sözlərinə görə, hazırda bir çox ölkə müharibənin dayandırılmasına yardım göstərməyə çalışır, lakin rəsmi vasitəçi statusu hələ də Pakistana məxsusdur.

Bəqai sonda qeyd edib ki, İran və ABŞ arasında fikir ayrılıqları dərin olaraq qalır və bir neçə görüşlə yekun razılaşmanın əldə olunacağını söyləmək mümkün deyil.