Ekspert: "İsrailin əsas hədəfi HƏMAS təşkilatıdır"

"Bu gün Qəzza şəhərində yerləşən bütün İsrailə məlum olan nöqtələrə aviazərbələr endiriləcək. İkinci olaraq, Qəzza şəhərinin elektrik ,qaz, su kimi bütün təminatları İsrail ərazisində həyata keçirilirdi. Bunların hamısı dayandırılacaq. Qəzza blokadaya alınacaq. İsrailin əsas hədəfi HƏMAS təşkilatıdır, bu baxımdan bütün əməliyyatlar HƏMAS ətrafında keçiriləcək''.

Bu sözləri AzNews.az-a siyasi şərhçi Murad Sadəddinov bildirib.

O qeyd edib ki, İsrailin məqsədi bəllidir.

"Bəyan ediblər ki, məqsəd HƏMAS-a aid olan bütün hərbiləşmiş qüvvələri, onun liderlərini həbs etmək, məhv etməkdir. Onlar bəyan ediblər ki, son hadisələrdə iştirak edən, əmr verən, dəstək verən bütün qüvvələri və şəxsləri tapıb cəzalandıracaqlar. Bununla yanaşı girov götürülmüş həm İsrail hərbçiləri, həm mülki vətəndaşların, qadın və uşaqların dəyişdirilməsi ilə bağlı açıq elan olunmasa da, müxtəlif vasitəçilər sayəsində işlər aparılacaq", - deyə politoloq əlavə edib.

Siyasi şərhçinin sözlərinə görə, bu gün, ən geci sabah İsrail Silahli Qüvvələri sərhədləri keçib, həmin ərazilərə daxil olacaq.

"Bu günə qədər 300 minə yaxın ehtiyatda olan hərbiçi orduya çağırılıb, silahlı qüvvələr bu əməliyyatı keçirmək üçün tam hazır vəziyyətə gətirilib. Hesab edirəm ki, İsrailin məqsədi ilk olaraq HƏMAS-ın bütün hərbiləşdirilmiş strukturlarını, terror təşkilatlarını, diversiya qruplarını yox etməkdir. Bunu İsrailin Baş naziri də, müdafiə naziri də bildirib. Qeyd ediblər ki, qisas əməliyyatı elə səviyyədə olacaq ki, gələcəkdə bu cür hadisələri təkrar edəcək qüvvələr üçün dərs olsun. Hesab edirəm ki, bu gün üçün ancaq bu qədər proqnozlaşdırmaq olar, ancaq sonra nələr baş verəcək, hansı regionda olan dövlətlərin bu məsələyə müdaxilə edib etməyəcəyi növbəti mərhələdir".

Rəfiqə NAMAZƏLİYEVA