Radikal düşüncə tərzinin cəmiyyət üçün zərəri

Vaxtilə hamının “rəğbətini” qazanmış bir qonşumuz var idi. Digərlərindən fərqlənən bəzi mülahizələri düşünməyə vadar etdiyindən ilk dövrlərdə onu tanıyanlara maraqlı gəlirdi. Ancaq zaman keçdikcə və bu qonşunun qəribə xüsusiyyətlərinə bələd olduqca, xüsusilə davamlı təkrarlanan deyingənliyinə dəfələrlə şahidlik etdikcə məlum olurdu ki, bu insan “qəddar” sosial nihilistdir. Sosial nihilizm artıq psixo-fizioloji xəstəlik kimi bu insanın dünyaya real baxışlarını və sağlam düşünmə bacarığını tamamilə iflic etmişdir. Yalnız zamanla anlayırsan ki, sosial nihilizm belə insanlar üçün sadəcə özünümüdafiə instinktinin təzahürüdür.

Bu fikirlər politoloq Asif Adilin “Radikal düşüncə tərzinin cəmiyyət üçün zərəri” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

İxtisasca mühəndis olan bu bəla-qonşumuz öz peşəsini sevməyib, jurnalist və ya alim olmaq arzusunda olub. Ancaq bu arzuları uğrunda da heç bir tutarlı addım da atmayıb. Əsassız iddiaları və şəxsi uğursuzluğu isə onu sözün hərfi mənasında boğurdu. “Özünütəsdiq faciəsi” yaşayan və xəyallarında dahi alim olan bu qonşumuz nədənsə düşünürdü ki, onun bu vəziyyətə düşməsinə görə hamı günahkardır və hamı ona borcludur.

Uğur qazanmaq üçün heç nə etməyən bu şəxs hesab edirdi ki, fərqli düşüncələri onu digərlərdən üstün edir. Passivlik, apatiya və sosial nihilizm zamanla bu şəxsdə sabaha olan ümidi və həyata olan sevgini tamamilə öldürmüşdü. Əvəzinə isə davamlı aqressiya və xroniki depressiya içində idi. Bu kimi həqiqətləri anlayanda başa düşürsən ki, belə insanlar cəmiyyətin sağlam durumu üçün real təhdid mənbəyidir. Bəli, qeyd olunanların həm obyektiv, həm subyektiv səbəbləri var. Ancaq problemlərin mənşəyi vəziyyəti dəyişdirmir və bu cür insanlara bəraət qazandırmır. Həqiqət naminə onu da qeyd edək ki, psixoloji durumuna mənfi təsir göstərə biləcəyini nəzərə alan valideyn onun övladının bu cür insanla ünsiyyətdə olmasını istəməz.

Bu təzahür siyasi münasibətlər müstəvisində yaşananda isə daha böyük faciələrə səbəb ola bilir. Belə ki, radikalların bayraqtutanı hesab olunan Əli Kərimlinin qərəz dolu və bədbin ritorikasını eşidəndə hər zaman özümdən asılı olmayaraq nədənsə yuxarıda bəhs etdiyim bu keçmiş qonşumuz yada düşür. Radikalların zəhər kimi ziyanlı ritorikasının strateji hədəfi cəmiyyətdə depressiv ab-havanın yaradılmasıdır. Onların radikal təbiəti məhz bu məsələdə özünü daha çox bildirir. Xüsusi olaraq diqqət yetirəndə aydın görünür ki, mövzudan asılı olmayaraq bu siyasətciklərin ritorikası və ritorikanın emosionallığı heç zaman dəyişilmir. Təkcə bu amil artıq bilavasitə qərəzin təzahürü və sübutudur.

Biz dəfələrlə şahidlik etmişik ki, qalmaqal yaratmaq niyyəti ilə radikallar davamlı olaraq müxtəlif təxribatlara əl atırlar. Əlbəttə ki, bütün bunlar təsadüfi deyil. İnformasiya təxribatlarının əsl təyinatı Qərb üçün hakimiyyətə qarşı təzyiq etmə fürsətlərini qazandırmaqdır. Radikal düşərgədə əsassız liderlik iddiaları da tükənmir. Tarixdən çox gözəl bilirik ki, ideoloji vakuum, xain, məkrli niyyətlər, habelə xəstə ambisiyalar siyasətdə sağlam və demokratik rəqabəti mümkünsüz edir.

Təəccüblü deyil ki, milli maraqları tanımayan və yalnız öz sahibləri tərəfindən yazılan təlimatlar əsasında fəaliyyət göstərən radikallar daim parçalanmış haldadırlar. Xalq onların bütün kirli niyyətlərini artıq ifşa edib. Buqələmun kimi baxış və fikirlərinin rəngini durmadan dəyişdirən radikalları xalq çoxdan tanıyır. Unutmayaq ki, şəxsi fikri və mövqeyi olmayan radikalların siyasi davranışı yalnız Qərbin sifarişlərinin zamanından və məzmunundan birbaşa asılıdır. Bu səbəbdən də ideoloji baxımdan parçalanmış və həqiqi niyyətləri ifşa olunmuş irrasional müxalifətin yeganə məqsədi ölkədə itaətsizlik mühitinin yaradılmasıdır. Xuliqanlığa, dələduzluğa, itaətsizliyə və Vətənə xainliyə görə məhkum olunmuşların tək bir arzusu var: “siyasi məhbus” adını əldə etmək və bununla da öz məkrli manipulyasiyalarını həyata keçirmək.

Sosial şəbəkələrin ucuz “layk cəngavərləri” olan “müasir” radikallar sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etmək və hətta sadəcə bir layk qazanmaq üçün milli maraqları satmağa hazırdırlar. Onlar istənilən cəfəngiyata, qalmaqala və yalanlara əl atırlar. Təsvir olunan mənzərə vətənşivənlərin arzularıdır. Radikalların “bir təhqir – bir layk” düsturlu siyasi davranışı demokratik ənənələrin dərinləşməsi üçün real təhdid yaradır. Təəssüf ki, radikallar öz manipulyasiyaları üçün milli maraqları belə qurban verməyə hazırdırlar.

Öz zəifliyini, cəmiyyət üçün faydasızlığını, aqressivliyini və həqiqi niyyətlərini gizlətməyə çalışan radikallar yuxarıda bəhs etdiyimiz qonşum sosial-nihilistlər kimi çıxış yolunu hamını günahlandırmaqda və cəmiyyətdə ümidsizlik hisslərinin yayılmasında görürlər. Sosial bədbinliyin təzahürü olan siyasi nihilizm ilə sağlam düşüncə arasında aparılan mübarizədə mütləq olaraq xalqımızın gələcəyini təmin edən milli maraqlar qalib gəlməlidir