"Azərbaycan tərəfdən hərbi müdaxiləni nəzərdən keçirməyi də gündəmdə saxlamaq lazımdır" - Siyasi şərhçi

“Ermənistanda etiraz aksiyaları yenidən şiddətlənib. Belə ki, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları dünəndən start götürüb.

Bəzi ekspertlər iddia edir ki, aksiyalar daha da şiddətlənəcək və Ermənistan Baş naziri Nikol Paşinyan istefa verməli olacaq. Ekspertlər rəsmi Bakının prosesə müdaxilə etməli olduğunu da deyir”.

“Hesab edirəm ki, rəsmi Bakı Ermənistanda baş verənləri yalnız kənardan müşahidə etməkdən daha çox yeri gələndə müdaxilə etmək yollarını da nəzərdən keçirməlidir. Təbii ki, indi Ermənistanda baş verənlər bu ölkənin daxili işləri sayıla bilər, amma nəzərə almalıyıq ki, bu ölkədə baş verə biləcək hər hansı siyasi dəyişiklik Azərbaycanla gedən danışıqlara təsir edəcək. Arxiyepiskop Baqrat Qalstanyanın hakimiyyətə gəlmək şansları elə yüksək olmasa da hazırda davam edən etirazlar qeyri-sabit vəziyyət yaradır. Bu ümumilikdə Ermənistanın sülh istiqamətində atdığı addımlardan yayındıra bilər. Müqayisədə Azərbaycan üçün ən optimal fiqur hazırda Paşinyandır, onunla Azərbaycanın siyasi lideri arasında oturuşmuş bir danışıqlar formatı var. Yeni gələn qüvvələrlə aydındır ki, danışıqların necə olacağı məlum deyil”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, əgər Ermənistanda siyasi vəziyyət nəzarətdən çıxarsa bunun Azərbaycana da təsiri ola bilər, çünki revanşist qüvvələr yenidən Qarabağ məsələsi bəhanəsi ilə vəziyyəti gərginləşdirməyə cəhd edə bilər.

“Ona görə belə bir məqamda Azərbaycan tərəfdən hərbi müdaxiləni nəzərdən keçirməyi də gündəmdə saxlamaq lazımdır ki, bu Ermənistandakı daxili qüvvələrə bir mesaj olsun. Aydın məsələdir ki, Azərbaycanın məqsədi Ermənistanda hakimiyyətdə olan hər hansı qüvvəni dəstəkləmək deyil, sadəcə bu ölkədə siyasi sabitliyin təmin olunmasına töhfə verməkdir. Çünki hər nə qədər təzadlı səslənsə də, əvvəlki dövrlə müqayisədə məhz indiki məqamda, Ermənistanla-Azərbaycan arasında razılaşmaların başa çatması və real nəticənin əldə olunması üçün bu ölkədə siyasi sabitliyin olması bizim marağımızdadır. Üstəlik Paşinyan həm müxalifət, həm də revanşist qüvvələrlə müqayisədə Ermənistanın və regionun gələcəyi ilə bağlı baxışları daha aydın görünür və 44 günlük müharibə və Xankəndində anti-terror əməliyyatı bir çox parametrlərinə görə Paşinyanın ağlını başına yığıb. Digər tərəfdən bu addımlar həm də Paşinyan üçün bir dərs olar ki, onun hakimiyyətinin qarantı məhz Azərbaycanla anlaşmadan keçir. Biz Türkiyə və digər ölkələrin praktikasında bilirik ki, qonşu ölkələrdə sabitlik pozulanda region dövlətləri öz milli təhlükəsizlik maraqlarını müdafiə etmək üçün hərbi müdaxilə də edirlər. Azərbaycan da artıq belə regional güc mərkəzi dövlətinə çevrilməkdədir. Ona görə bu məsələlərdə öz maraqlarını, xüsusən Cənubi Qafqazdakı maraqlarını həyata keçirmək üçün real addımlar atıla bilər. İlk dəfə məhz Ermənistanda indiki hökumətin dövründə Ermənistanla Azərbaycan arasında birbaşa vasitəçisiz danışıqlar formatı əldə olunub və bu onu deməyə əsas verir ki, tərəflər razılığa gəlməyə yaxındırlar. Bütün bu daxili təzyiqlər digər tərəfdən Paşinyan hökumətini sülh istiqamətində daha real addımlar atmağa da sövq edə bilər, düşünürəm ki, istənilən halda bu etirazlar Ermənistanda siyasi hakimiyyətin zorla dəyişilməsinə gətirməyəcək. Böyük ehtimal bunlar hansısa təzyiq vasitəsi üçün həyata keçirilir. Bizim marağımız isə ondan ibarətdir ki, rəsmi İrəvan Azərbaycanla çox uzanmadan və yaxın perspektivdə Zəngəzur dəhlizi və Qərbi Azərbaycanlıların statusu, konstitusiya dəyişikliyi ilə bağlı razılığa gəlsin. Bütün bunlar olacağı təqdirdə Paşinyan üçün də kritik dövrü keçmiş hesab etmək olar. İndi belə hiss olunur ki, hələ ki, Paşinyan xalqı yeni mərhələyə hazırlamağa və qonşularla münasibətlərdə ölkəsini yeni mərhələyə keçirmək üçün cəhdlər edir və buna hazır olmayan erməni toplumu buna muqavimət göstərir, digər qüvvələr isə pozuculuq fəaliyyəti ilə məşğuldur”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə hazırlanmışdır.