- Müşahidə məntəqəsi
- 3 İyun 2024 20:17
- 8 286
"Blinkenin mesajı nə ilə yadda qaldı" - Ramiz Alıyev
“Entoni Blinkenin Cənab prezidentə göndərdiyi məktub və bundan öncə də cənab prezidentlə telefon danışığı zamanı Azərbaycanla əməkdaşlığı yenidən daha da inkişaf etdirməyi düşündüklərini bildirib. Bilirsiniz ki, Azərbaycan ABŞ-la hər zaman münasibətləri yaxşı qurmuşdur və regionda ABŞ-ın tərəfdaşı olan ölkədir. Antiterror əməliyyatlarında ABŞ-ın yanında olmuşdur və Azərbaycan da öz hərbçilərini, antiterror həyata keçirilən ərazilərə göndərmişdir. Bir növ Azərbaycan məqsədini göstərmişdir ki, Azərbaycan terrora qarşıdır. Terrorla mübarizə aparan istənilən dövlətin yanında olduğunu istər kiçik, istər böyük fərq etmir, istənilən dövlətin yanında olduğunu bir daha bəyan edib, göstərmiş olmuşdur. ABŞ-da bunu çox yaxşı dəyərləndirir. Təəssüflər olsun ki, bəzi məqamlarda ABŞ dövlətinin müxtəlif vəzifə sahiblərinin, erməni lobbisinin təsir dairəsinə düşməsindən sonra ABŞ-ın Azərbaycana qarşı münasibəti bir neçə dəfə dəyişməli olmuşdur. Azərbaycana qarşı obyektiv siyasət yürütməkdən kənara çəkilərək tərəf tutmağa və eyni ilə ikili standartlar çərçivəsində çıxış etməyə başlamışdır. Əlbəttə ki, bu da Azərbaycana xoş təsir bağışlaya bilməzdi. Çünki Azərbaycan terrorla mübarizədə ABŞ-ın yanında olduğu halda Azərbaycanın ərazilərində antiterror tədbirləri həyata keçirdiyi zamanda, təəssüf ki, ABŞ və bəzi Qərb dövlətləri Azərbaycana qarşı qərəz nümayiş etdirdilər. Sanki Azərbaycan ölkəsində olan terrorçuları zərərsizləşdirə bilməz, ancaq ABŞ və digər Qərb dövlətləri istədikləri dövlətin ərazisində antiterror əməliyyatları keçirə bilər və orada olan terrorçuları zərərsizləşdirə bilər deyə düşündülər. Əlbəttə ki, bu gülməlidir. Düzgün qarşılana bilməz”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.
Siyasi şərhçi qeyd edib ki, görünən odur ki, ABŞ və digər Qərb dövlətləri Azərbaycanın qələbəsini, uğurunu artıq qəbul etməyə başlayıblar.
“Həmçinin Azərbaycanın istəklərini də, düşüncələrini də çox yaxşı başa düşürlər və buna görə də Azərbaycana qarşı hər hansı bir təxribatda, ikili standartda olmaqdansa, Azərbaycanın yanında olurlar. Əlbəttə ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox önəmlidir. Azərbaycan həm neft, qaz ölkəsi olmaqla yanaşı, eyni zamanda iqlim dəyişikliyi ilə bağlı proseslərdə iqlimin, ekologiyanın qorunması ilə bağlı məsələlərdə öndə gedir. Bunlar Azərbaycan, dünya üçün çox önəmlidir. Azərbaycanın belə bir addım atması dünya ölkələrinə bir nümunədir”.
Siyasi şərhçi sonda vurğulayıb ki, belə bir böyük tədbirin Azərbaycanda keçirilməsinə razılığın verilməsi Azərbaycana olunan inamın və etibarın bariz nümunəsidir.
“Çünki belə tədbirlərin ölkələrdə keçirilməsi üçün mütləq şəkildə bir çox ölkələrin razılığı və dəstəyi lazımdır. Azərbaycanda böyük tədbirlər hər zaman və təhlükəsiz şəkildə həyata keçirilib. Azərbaycan belə məsuliyyətli tədbirləri çox uğurla həyata keçirməyi bacarır. Azərbaycanda ictimai asayiş sabitdir və hüquq mühafizə orqanları ölkənin təhlükəsizliyini ən yüksək formada qoruyur. Eyni zamanda Azərbaycan ən təhlükəsiz ölkələr sırasındadır və Bakıda ən təhlükəsiz şəhərlər sırasında öncül yerlərdə öz yerini qoruyubdur. Bu cür tədbirlərin keçirilməsi əlbəttə ki, ölkəmizin nüfuzuna çox böyük bir təsir edəcəkdir. İstənilən bu cür tədbirlər ölkənin imici, uğuru üçün çox vacibdir. Azərbaycan da bu tədbirdən çox yüksək səviyyədə yararlanacaqdır, həmçinin dünyada iqlim dəyişikliyi ilə bağlı məsələdə də öz faydalı münasibətini, töhfələrini verəcəkdir. Buna görə də hər birimiz vətəndaş olaraq, ölkəmizdə fəaliyyət göstərən dövlət orqanları, özəl sektor, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri nümayəndələri əlini daşın altına qoymalıdır. Belə böyük tədbirdə ölkəmizin müsbət mənada tanıdılması üçün əlindən gələni etməlidirlər.”
Rəfiqə NAMAZƏLİYEVA