Oqtay Qasımov: "NATO, o cümlədən ABŞ buna qarşı çox sərt reaksiya verəcək"

““Financial Times” nəşri yazır ki, Rusiya 2008-2014-cü illərdə Qərbi Avropada yerləşən bir neçə ölkədəki NATO bazalarını nüvə başlıqlı raketlərlə vurmaq üçün strategiya hazırlayıb. Nəşrin məlumatına görə, Moskvanın bu planı “NATO ilə müharibədə özünümüdafiə strategiyası” adlandırılıb. Strategiyaya əsasən, NATO hücumu zamanı Rusiya sualtı gəmilərdəki nüvə başlıqlı raketlərlə Qərbi Avropadakı bir neçə ölkənin strateji bazalarına zərbələr endirəcək.Yayılmış xəritədə Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Böyük Britaniya, Norveç, İsveç, Estoniya, Fransa kimi ölkələr hədəf göstərilib. Hətta Rusiyanın müttəfiqləri Çin, Şimali Koreya və İran ərazilərinin də hədəfə alındığı ortaya çıxıb”.

“Rusiyanın qəbul etdiyi plan 2008-2014-cü illəri əhatə edirdi və o dövrdən sonra ciddi şəkildə dəyişikliklər var. Həm Rusiyanın münasibətdə olduğu ölkələrdə, eyni zamanda, bu ölkələrin bir çoxu ilə münasibətləri kifayət qədər yaxşıdır. Bu baxımdan əlbəttə, Rusiyanın bu nüvə şantajı Ukrayna savaşı başlanılan zaman dəfələrlə Rusiya rəsmiləri tərəfindən səsləndirilib. Lakin bu heç də asan bir proses deyil. Bilirlər ki, bu, böyük bir məsuliyyət deməkdir”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, bunun həyata keçirilməsi üçün kifayət qədər mürəkkəb mexanizmə ehtiyac var.

“Düşünmürəm ki, bu proseslər nüvə silahının tətbiq olunmasına qədər gəlib çıxacaq. Xüsusilə Türkiyə və Rusiyanın münasibətlərinin kifayət qədər normal səviyyədə olduğunu nəzərə alsaq, belə bir planın Türkiyəyə tətbiq olunacağı mümkünsüz görünür. Əgər Rusiya doğrudan da belə bir avantürist addıma gedirsə, təbii ki, NATO, o cümlədən Amerika Birləşmiş Ştatları buna qarşı çox sərt reaksiya verəcəklər. Dəfələrlə bununla bağlı mövqe açıqlanıb”.

Rəfiqə NAMAZƏLİYEVA