- Müşahidə məntəqəsi
- 16 Avqust 2024 15:32
- 9 404
Ekspert: "Amerikanın əsas məqsədlərindən biri İranı üzük qaşı kimi mühasirəyə almaqdır"
“İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlimlərə başlayır. Sərhədimizdə keçiriləcək təlimlərlə əlaqədar olaraq Astara şəhərinin bəzi yerlərində partlayış səslərinin eşidiləcəyi bildirilib”.
“Belə bir informasiya İran mediasında yayılmaqdadır. Hesab edirəm ki, bu, İranın daxili hərbi qüvvələrinin yenidən yaranmış gərginliyin fonunda keçiriləcək bir təlim olacaqdır. Hazırda bilirsiniz ki, Yaxın Şərq qaynamaqda, hər kəs öz gücünü göstərməkdədir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Telman Qasımov deyib.
Hərbi ekspert qeyd edib ki, bu təlimlər İranın İsrail və Amerika ilə arasında yaranmış olan gərginliyin fonunda bir növ əzələ nümayişidir.
“Üstəlik digər tərəfdən Amerika artıq Cənubi Qafqazda xüsusən Ermənistanı ələ keçirməkdə davam edir. Son zamanlar gətirdiyi silah-sursatları Zəngəzur istiqamətində yerləşdirir. Təbii ki, hazırda İran bilir ki, burada Amerikanın əsas məqsədlərindən biri də bütövlükdə İranı üzük qaşı kimi mühasirəyə almaqdır. Bu baxımdan Xəzər dənizində keçiriləcək bu təlimlərin Azərbaycan üçün olduğunu hesab etmirəm. Bu daha çox İsrail, ABŞ və Yaxın Şərqdə baş verən hadisələrlə bağlıdır. İstənilən yerdə keçirilən bu təlimlər təbii ki, birinci növbədə həmin ölkənin ordusunun hazırlıq vəziyyətinin yoxlanılmasıdır. Həmçinin də hazırlıq vəziyyətinə gətirilməsidir”.
Rəfiqə NAMAZƏLİYEVA