- Müşahidə məntəqəsi
- 20 Avqust 2024 15:38
- 11 482
Elçin Xalidbəyli: "Ukraynanın belə bir hərbi potensialı mövcud deyil"
“Ukrayna silahlı qüvvələrinin son sutka ərzində Kurskda irəlilədiyi, yeni əraziləri ələ keçirildiyi iddia edilir. Diqqətçəkən məqam Kurskla Rusiyanın paytaxtı Moskva arasında məsafənin təxminən 500 km olmasıdır. Rusiya kimi böyük əraziyə malik bir ölkə üçün bu məsafə az hesab olunur və versiyalardan biri Kiyevin hücum hədəfinin məhz Moskva olmasıdır”.
“Ukraynanın hərbi hədəfinin Moskva olması ilə bağlı versiyalar, kifayət qədər şişirilmiş versiyalardır. Ukraynanın belə bir hərbi potensialı mövcud deyil. Ukraynanın Rusiya ərazisində daha dərinliklərə irəliləmək üçün canlı qüvvəyə ehtiyacı var. Hazırda Ukraynada canlı qüvvə defisiti yaşanır, canlı qüvvə çatışmazlığı mövcuddur. Buna görə də Ukrayna həddindən artıq geniş əraziyə yayıla bilməz”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
O qeyd edib ki, digər tərəfdən Moskva şəhərinin hərbi nəzarətə götürülməsi o qədər də sadə məsələ deyil və ümumiyyətlə, Ukrayna üçün bu qeyri-mümkün bir versiyadır.
“Böyük ehtimalla Ukrayna bir trayektoriyada dayanmalı olacaq və orada həmin nəzarətə götürülmüş ərazilərdə möhkəmlənmək kimi bir strateji taktikaya üstünlük verəcək. Əgər buna nail olarsa, bu halda hesab etmək olar ki, Ukrayna gələcək sülh danışıqları üçün əlində çox ciddi əks faktorlar qazanmış ola bilər. Yəni Ukraynanın nəzarətində olan ərazilərin Rusiyaya qaytarılmasının əvəzində Rusiya da həmçinin işğal etdiyi əraziləri Ukraynaya qaytarmaq məcburiyyətində qala bilər. Belə bir versiya üzərində cəhdlərin göstərilmiş ola biləcəyi qətiyyən istisna deyil. Ancaq bu versiyanın sona qədər reallaşdırılmasının nə qədər real olub-olmayacağı isə hələlik bir qədər müəmmalıdır. Çünki situasiya tam müəyyənləşməyib. Kifayət qədər qəliz olaraq qalır və hansı istiqamətdə inkişaf edəcəyini də indidən təxmin eləmək mümkün deyil. Ukraynanın əsas problemlərindən biri canlı qüvvə çatışmazlığıdır və bu da belə hərbi toqquşmalarda çox önəm daşıyan əsas faktorlardan biridir”.
Rəfiqə NAMAZƏLİYEVA