Elxan Şahinoğlu: "İranın Rusiya ilə strateji tərəfdaş olması bizi ciddi düşündürməlidir"

“İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib ki, İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi prezidentlər tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda imzalanacaq. “Bu layihə üzərində iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri işləyir. Layihə baxılması üçün prezidentlərin administrasiyasına təqdim olunub. Sənəd hazır olan kimi dövlət başçıları tərəfindən imzalanacaq”, – Cəlali bildirib”.

“Haqqında danışılan saziş üzərində aylardır iş gedir. Əslində bu saziş daha əvvəl imzalanmalı idi. Sadəcə, Rusiyanın təklifləri İranda ciddi araşdırılırdı və hə, yox cavabı da yox idi. İndi hər iki dövlətin vəziyyəti ağırdır. Rusiya Ukrayna müharibəsində ilişib ərazilərini itirib. İranın özünündə İsraillə qarşıdurma məsələsi var. Belə bir anda, əlbəttə, bunlar üçün əsas məsələ təhlükəsiz məsələləridir. Bir-biri ilə tərəfdaşlığa da ehtiyac duyurlar”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, belə bir saziş imzalanarsa, bunun Cənubi Qafqazda da müəyyən təsirləri ola bilər.

“Azərbaycanın Rusiya ilə münasibətləri normaldır, İranla münasibətlərdə isə suallar qalır. İranın Rusiya ilə strateji tərəfdaş olması bizi ciddi düşündürməlidir. Çünki müəyyən mənfi təsirləri Azərbaycana da ola bilər. Həm İran, həm də Rusiya Cənubi Qafqaz ölkələrinin müstəqil xarici və təhlükəsiz siyasətini qəbul etmir. Halbuki Azərbaycan bu siyasəti yürüdür. Avropa İttifaqı, Türkiyə, Amerika qədər müxtəlif sahələrdə əməkdaşlıq imkanları var. Bu da ola bilsin, İranda, Rusiyadakı mərkəzlərin xoşuna gəlməsin. Lakin Azərbaycan öz müstəqil siyasətini davam etdirməkdə qətidir. Əgər bizə təzyiq olarsa, bu yerdə Azərbaycan- Türkiyə hərbi ittifaqının əhəmiyyəti də artacaq. Həmçinin Şuşa Bəyannaməsinin əhəmiyyəti artacaq. Əgər Türkiyə- İran İttifaqı getdikcə daha güclənərsə və əməkdaşlıq imkanlarını genişləndirərsə, Azərbaycan da Türkiyə ilə hərbi əməkdaşlıq, siyasi ittifaqı gücləndirmək istiqamətində addımlar atacaq”.

Rəfiqə NAMAZƏLİYEVA