- Müşahidə məntəqəsi
- 20 Avqust 2024 17:43
- 10 969
Hərbi ekspert: "Doğurduğu ağır nəticələrdən yalnız Ermənistanın rəhbərliyi məsuliyyət daşıyacaq"
“Ermənistan silahlı qüvvələri son günlər yenidən təxribatlara əl atır. Zəngəzur dəhlizi ilə bağlı bəndin sülh müqaviləsindən çıxarılmasından sonra atəşkəsin Naxçıvan istiqamətindən pozulması intensiv hal alıb. Həmçinin Ermənistanın xarici qüvvələr tərəfindən silahlandırılması yeni təxribatların olacağı ehtimalını artırır”.
“Ermənistan tərəfinin şərti həmsərhəd bölgədə təxribatlarını daha da intensivləşdirməsi məhz Ermənistanın növbəti riyakarlığıdır. Ermənistanın hərbi siyasi rəhbərliyi dildə sülhdən danışsa da, ancaq əməli olaraq biz Ermənistan ordusunun sürətli şəkildə silahlandırılmasını və təxribatların daha da intensivləşməsini müşahidə edirik. Əlbəttə, Azərbaycan tərəfi bununla bağlı Ermənistana dəfələrlə xəbərdarlıq etsə də, əməli olaraq bir nəticə müşahidə etmirik”.
Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
Hərbi ekspert qeyd edib ki, Ermənistanın hərbi siyasi rəhbərliyi müxtəlif bəhanələr gətirərək bu təxribatları təkzib etməyə çalışır.
“Təxribatların xarakterinə baxdığımız zaman burada təkcə mövqelərimizin atəşə tutulması deyil, eyni zamanda kvadrokopter qaldıraraq ərazilərimizdə kəşfiyyat aparmağa cəhd etməsi də məhz Ermənistanın təxribat törədərək mövcud vəziyyəti daha da gərginləşdirilməsində maraqlı olduğunu göstərir. Azərbaycan hər zaman olduğu kimi problemlərin həllində humanizm və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub. Ancaq çox təəssüf ki, biz hər zaman Ermənistan tərəfindən bu addımlara riyakarlıqla cavab verildiyini müşahidə etmişik. Xüsusilə də Azərbaycan Müdafiə Nazirliyinin son xəbərdarlığından məhz Ermənistanın hərbi siyasi rəhbərliyi ciddi nəticə çıxarmalıdır. Çünki Ermənistan təxribatları daha da genişləndirməyə çalışarsa, məhz Azərbaycan zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qalacaq. Bunun üçün də doğurduğu ağır nəticələrdən yalnız Ermənistanın rəhbərliyi məsuliyyət daşıyacaq. Bu günə qədər məhz Ermənistan tərəfindən belə təxribatçı addımlar və sülhün əldə edilməməsi üçün göstərilən riyakarlıqlar Ermənistan üçün hansı nəticələr vermişdisə, bundan sonra eyni aqibəti təkrar yaşayacağından hər kəs əmin olmalıdır”.
Rəfiqə NAMAZƏLİYEVA