Bu daha çox daxili auditoriyaya hesablanıb - Kənan Novruzov

“Kursk vilayətinə edilən hücuma mütləq cavab veriləcək”.- bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada ayrıca qərardan söhbət getmir. Təbii ki, bu cür düşmənçilik hərəkətləri müvafiq cavabsız qala bilməz. Cavab mütləq olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb”.

“Ukraynanın Kursk vilayətinə hücumu ilə müharibənin növbəti mərhələsi başladı və daha da geri dönüşü olmayan bir vəziyyət yarandı. Faktiki olaraq müharibə Rusiya ərazisinə keçdi. Rusiya bildirir ki, bunun cavabı mütləq veriləcək. Bu daha çox daxili auditoriyaya hesablanmış bir şeydir. Yəni öz xalqına, əhalisinə demək istəyir ki, biz bunun intiqamını alacağıq. Guya Rusiya indiyə kimi öz gücünü ortaya qoymurdumu? Bu baxımdan bundan sonra dəyişən nəyinsə olacağını düşünmürəm”.

Bunu AzNews.az-a açıqlamasında “Report” İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, Rusiya Kurska hücuma görə nüvə silahını tətbiq etməyəcək:

“Təbii ki, nə vaxtsa tətbiq edə bilər, amma indiki mərhələdə yox. Ukrayna ərazisinə kütləvi raket hücumları intensivləşə bilər ki, bu da zatən əvvəl də var idi. Burada belə təəccüblü bir şey yoxdur. Bu baxımdan əslində bu boş sözdür. Hakimiyyət hazırda yarana biləcək narazılıqların qarşısını belə manipulyasiyalarla ala bilər”.

Rəfiqə NAMAZƏLİYEVA