- Müşahidə məntəqəsi
- 22 Avqust 2024 15:55
- 3 480
Ekspert: "Hazırda Ermənistan geosiyasi alət rolunda Azərbaycana və müəyyən bölgə dövlətlərinə qarşı istifadə olunur”
“Bir qədər əvvəl Belarusun Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Aksiyaçılar diplomatik korpusun binasını yumurta, kartof, pomidor “atəşinə” tutublar. Məlumata görə, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün “ermənilər bizdən başqa kimə lazımdır?!” açıqlaması olub. Prezidentin sözlərindən qəzəblənən bir qrup erməni və Respublika Uğrunda Partiyasının nümayəndələri səfirlik binasının qarşısına toplaşıblar. Etirazçılar Ermənistanın Belarusla diplomatik əlaqəni kəsməsinə dair şüarlar səsləndiriblər”.
“Əslində Ermənistan və ermənilər ruslardan başqa, Fransa və Birləşmiş Ştatlardakı müəyyən dairələrə də lazımdır. Çünki müəyyən zaman kəsiyində ermənilər və Ermənistandan geosiyasi alət rolunda istifadə olunur. Biz indiyə qədər Birləşmiş Ştatların və Fransanın erməni lobbisinin ideoloji xətti olan dırnaqarası erməni soyqırımından, Türkiyəyə qarşı təzyiq kimi istifadə olunduğunu müşahidə etmişik. Eyni zamanda, hazırda Ermənistan geosiyasi alət rolunda Azərbaycana və müəyyən bölgə dövlətlərinə qarşı istifadə olunur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Siyasi şərhçi qeyd edib ki, sülh danışıqları prosesinin əngəllənməsi istiqamətində səy göstərən Qərb Ermənistan vasitəsilə bölgəyə daxil olmağa çalışır.
“Ermənistana məcbur edilir ki, Ermənistan konstruktiv və beynəlxalq hüququn tələblərinə uyğun siyasət yürütməsin, imitasiya xarakterli görüşlərini davam etdirsin və beləliklə də bölgədə müəyyən qarışıqlıq yaranması fonunda Birləşmiş Ştatlar və Fransa bölgəyə yerləşsin. Ona görə də Ermənistan çox təəssüflər olsun ki, Ermənistan və erməni lobbisi həmişə olduğu kimi, bu gün də müəyyən güclər tərəfindən geosiyasi alət rolunda istifadə olunur. İndiki məqamda Ermənistanın bir alət rolunda sadəcə olaraq sahiblərinin dəyişməsi ilə bağlı proses gedir. Həmçinin biz Belarus- Ermənistan münasibətləri ilə bağlı müəyyən gərginliklərin şahidi oluruq. Təbii ki, burada Ermənistanın bölgədə gedən və əslində geosiyasi faktorlara söykənən, müəyyən proseslə bağlı və bu prosesi əngəlləmək istəyən güclərin aləti rolunda istifadə olunan Ermənistana bir mesaj verilir. Bütün dünyada artıq yeni dünya düzəninin formalaşması gedir. Çox ciddi qarşıdurmalar mövcuddur və yaxın perspektiv üçün biz daha ciddi qarşıdurmaların, gərginliklərin, iqtisadi, siyasi, hərbi problemlərin önünə çıxacağını və daha da dərinləşəcəyini dünya üçün bir fəlakətli mərhələnin başlanacağını deyə bilərik”.
“Bu mənada bütün dövlətlər öz təhlükəsizliklərini təhdid etmək üçün ittifaqlarda birlikdə fəaliyyət göstərməyə məcburdurlar. Çünki Birləşmiş Ştatların özü, eyni zamanda, dünyanın ən güclü ölkələri də daxil olmaqla, Rusiya belə təkbaşına təhdidlərdən sığortalanmayıb. Dünya artıq belə bir mərhələyə qədəm qoyub. Ona görə də biz dünyada çoxluqlu dünyanın formalaşdırılması prosesini müşahidə edirik və burada təbii ki, yeni ittifaqlar, bloklar meydana gələcək. Artıq geosiyasi proseslər fonunda regional müstəvidə dövlətlər uzaq perspektivə hesablanan geosiyasi planlarını reallaşdırırlar və öz iqtisadi, siyasi maraqlarını təmin etməyə çalışırlar. Lakin bu prosesi bölgədə pozan yenə də Ermənistandır. Göründüyü kimi illər uzunu Rusiyanın aləti kimi çıxış edən Ermənistan və erməni lobbisi artıq Qərbin alətinə çevrilməklə, bölgədə gedən prosesləri əngəlləməyə çalışırlar. Təbii ki, bu prosesin, yəni regional müstəvidə aparılan siyasətin bir parçası olan Belarusda buna qarşı səssiz qalmır”.
Ə. Zülfüqaroğlu sonda vurğulayıb ki, Ermənistana mesaj verilir ki, adekvat siyasət yürütməyəcəyi halda Ermənistan bölgənin Ukraynasına çevrilə bilər:
“Hesab edirəm ki, burada Belarus deyil, Ermənistan çətin vəziyyətdədir və qeyri-adekvat durumdadır. Ona görə də Ermənistan nə qədər siyasi şantaj yolunu tutsa da, amma Belarus və digər ölkələr daha çox Ermənistana lazımdır. Bu baxımdan Ermənistanla Belarus arasında diplomatik problemlərin inkişaf edəcəyini proqnozlaşdırmaq olar. Amma Ermənistan heç bir halda Belarusla diplomatik əlaqələri tamamilə kəsməyəcək. Çünki Ermənistan, xüsusilə son proseslər fonunda biz müşahidə edirik ki, Ermənistanın vəziyyəti daha da gərgindir. Belarusla idiplomatik əlaqələrin aşağı endirilməsi ehtimalı olsa da, amma tamamilə əlaqələrin kəsilməsi, hesab edirəm ki, müşahidə edilməyəcək. Belə olacağı halda Ermənistan daha ciddi problemlərlə üzləşə bilər və Ermənistan hakimiyyəti heç bir halda bu intihar xarakterli addımı atmaz”.
Rəfiqə NAMAZƏLİYEVA