Kənan Novruzov: "Qərb dövlətlərinin qərəzli mövqeyi rəsmi Bakını sövq edir ki, artıq öz tərəfini seçsin"

“Ümidvaram ki, digər ölkələr, xüsusən də Türkiyə BRICS-ə daxil olmaqla bağlı rəsmi müraciət edən Azərbaycandan nümunə götürəcəklər. Bu fikri “CGTN Türk” telekanalının efirində Mərmərə Universitetinin professoru Hüseyn Barış Doster ifadə edib.

Onun sözlərinə görə, müasir dünyada BRICS kimi təşkilatlar “ABŞ imperializminə əsaslanan Qərb hökmranlığı sisteminə qarşı çıxan” Qlobal Cənubun ruporuna çevrilir”.

“Azərbaycanın BRİCS-ə müraciət etməsi gözlənilən idi. Çox güman ki, BRİCS-ə üzv də olacaq. Bu müraciətin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra olması təəccüblü deyil. Liderlərin görüşü zamanı böyük ehtimal bu haqda müzakirələr gedib, yaxud da əvvəldən razılaşdırılmışdı. Son təsdiq isə Putinlə görüş və müzakirələr zamanı verildi”.

Bunu AzNews.az-a açıqlamasında “Report” İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçi qeyd edib ki, bu gün dünyada çox ciddi qütbləşmə gedir və Azərbaycan da artıq bu qütbləşmədən kənarda qala bilməz.

“ Xüsusilə bu gün Qərb dövlətlərinin, o cümlədən ABŞ və Fransanın Azərbaycana qarşı, Cənubi Qafqazla bağlı qərəzli mövqeyi, həmçinin Ermənistan vasitəsilə regionda suları bulandırmaq cəhdləri, Ermənistan kartından Azərbaycana qarşı istifadə etmək cəhdləri rəsmi Bakını sövq edir ki, artıq öz tərəfini seçsin. İndiki məqamda BRİCS-ə üzvlük düşünürəm ki, bu baxımdan əhəmiyyətlidir. Əslində Türkiyə də üzvlükdə maraqlıdır.Buna görə Türkiyə ilə Azərbaycan münasibətlərində heç bir ziddiyyət yaranmayacaq. Əksinə, perspektivdə Türkiyənin də BRİCS-ə qoşulması mümkündür”.

Rəfiqə NAMAZƏLİYEVA