"Aİ artıq regiondakı reallıqları qəbul edir" - Azər Həsrətin şərhi

“Azərbaycanın geosiyasi əhəmiyyəti artıq təkcə regional deyil, qlobal miqyasda qəbul olunur. Bu gün Avropa İttifaqı da, ABŞ də anlayır ki, Cənubi Qafqazda davamlı və effektiv siyasət yürütmək üçün Azərbaycansız hərəkət etmək mümkün deyil. Azərbaycan bölgənin ən güclü və təsirli dövlətidir. Ərazi, əhali, iqtisadi və siyasi potensial baxımından Ermənistan və Gürcüstanın birgə imkanlarını belə geridə qoyur. Bu reallığı artıq Avropanın siyasi dairələri də dərk etməyə başlayıb. Bununla belə, sual yarana bilər: əgər belədirsə, niyə Avropa Parlamentində Azərbaycana qarşı zaman-zaman tənqidi qətnamələr qəbul olunur, bəzi Qərb ölkələrinin rəsmiləri Azərbaycana qarşı sərt mövqe nümayiş etdirir? Burada bir neçə mühüm məqamı nəzərə almaq lazımdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı ölkənin Avropadakı artan siyasi çəkisini və etibarlı tərəfdaş kimi mövqeyini göstərir. Keçmişdə Avropa İttifaqı ilə münasibətlərdə yaşanan soyuqluq və Azərbaycana qarşı ədalətsiz yanaşmalar artıq geridə qalıb. Bu, əsasən, Bakının prinsipial mövqeyi və Prezident İlham Əliyevin qəti siyasətinin nəticəsidir. Bu gün Aİ regiondakı reallıqları qəbul edərək Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə strateji əhəmiyyətini anlayır və onunla əməkdaşlığı prioritet sayır.

Siyasi şərhçi qeyd edib ki, bu kimi addımların arxasında, ilk növbədə, erməni lobbisinin fəaliyyəti dayanır.

“Erməni diasporunun maliyyə dəstəyi ilə bəzi avropalı siyasətçilərin anti-Azərbaycan ritorikası formalaşır. Azərbaycanın informasiya mübarizəsində bəzən meydanı boş buraxması da bu proseslərin yaranmasına zəmin yaradır. Həmin boşluğu isə qarşı tərəf dərhal doldurur. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə aktiv iştirakı, ikitərəfli görüşlərə önəm verməsi və diplomatik təşəbbüsləri bu boşluqların aradan qaldırılmasına xidmət edir. Son beynəlxalq toplantılarda onun davranışları və xarici liderlərlə, o cümlədən Fransa Prezidenti Emmanuel Makronla təmasları Azərbaycanın artan nüfuzunun bariz göstəricisi kimi qəbul olunur. Bu görüşlərdə Azərbaycan Prezidenti öz prinsipial mövqeyi və siyasi çəkisi ilə fərqlənir”.

Siyasi şərhçi əlavə edib ki, bütün bu məqamlar göstərir ki, Avropa ölkələrinin Azərbaycana marağı qısamüddətli deyil:

“Onlar həm Cənubi Qafqazda, həm Türküstanda, həm də İranla əlaqələrdə Azərbaycanın strateji rolunu yaxşı anlayır və bu reallıqla hesablaşmaq məcburiyyətindədirlər. Azərbaycanın coğrafi ölçüsü onu kiçik dövlət kimi göstərə bilər, lakin onun siyasi çəkisi, diplomatik manevr imkanları və regional təsir gücü bir çox böyük ölkələrdən daha yüksəkdir. Bu da ölkəmizin beynəlxalq aləmdə getdikcə artan əhəmiyyətinin əsas göstəricilərindəndir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Close menu