Çoxvektorlu diplomatiya: Bakı qlobal arenada mövqelərini gücləndirir

“Azərbaycanın xarici siyasəti çoxvektorlu xarakter daşıyır və müxtəlif regionlarda – Avropa, Orta və Uzaq Şərq, Yaxın Şərq, Orta Asiya, eləcə də Afrika və Latın Amerikası istiqamətlərində fəal diplomatik açılımlar həyata keçirilir. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə, siyasi, iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə xidmət edir. Azərbaycanın xarici siyasət kursu sülh, sabitlik və qarşılıqlı fayda prinsipinə əsaslanır. Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələ başlanıb. Avropa Komissiyasının Prezidenti Kaya Kallasın Bakıya səfəri, həmçinin Tirana görüşləri Aİ-nin Azərbaycanı etibarlı enerji və nəqliyyat tərəfdaşı kimi qəbul etdiyini göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Qeyd edək ki, Azərbaycanın son dövrlərdə xarici siyasət sahəsində artan fəallığı rəsmi Bakının çoxvektorlu diplomatiya xəttinə sadiqliyini göstərir. İran, Çin və Avropa İttifaqı ilə münasibətlərin dinamik inkişafı, xüsusilə Prezident İlham Əliyevin Albaniya səfəri çərçivəsində Avropa liderləri ilə səmimi təmasları bu siyasətin uğurlu nümunəsidir. Ekspertlərə görə, Azərbaycan Aİ ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Eyni zamanda, Prezident İlham Əliyevin 9 May Qələbə Günü münasibətilə Moskvadakı parada qatılmaması Bakı-Moskva münasibətlərindəki gərginliyin hələ də qalmaqda olduğunu göstərir.

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyevin son Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair imzalanan sənəd münasibətlərin daha da genişlənəcəyinə işarədir.

“Bu, Azərbaycan–Çin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Rusiya ilə münasibətlərdə isə müəyyən soyuqluq müşahidə olunur. 2023-cü ilin dekabr hadisələrindən sonra Moskvanın gözlənilən addımları atmaması iki ölkə arasındakı əlaqələrə təsir göstərib. Bu vəziyyətin aradan qaldırılması isə əsasən Rusiyanın siyasi iradəsindən asılıdır. Bununla belə, Azərbaycanın xarici siyasəti hər hansı bir ölkədən və ya güc mərkəzindən asılı deyil. Bakı balanslaşdırılmış və çoxşaxəli siyasət yürüdərək həm Qərblə, həm də Şərqlə əlaqələrini inkişaf etdirməyə davam edir. Rusiya ilə münasibətlərdəki gərginlik Azərbaycanın digər tərəfdaşlarla əməkdaşlıq imkanlarını məhdudlaşdırmır. Azərbaycan bu gün regional və qlobal miqyasda sabitlik və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısıdır və bu istiqamətdə strateji kursunu ardıcıl şəkildə davam etdirir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az