Macarıstanla Dostluq – Azərbaycanın Avropadakı ən etibarlı tərəfdaşlarından biri

“Azərbaycanın xarici siyasətində Avropa ölkələri, xüsusilə də Macarıstanla əlaqələrin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Macarıstanla münasibətlər yalnız siyasi və iqtisadi sahələri deyil, eyni zamanda enerji, təhlükəsizlik və regional əməkdaşlıq istiqamətlərini də əhatə edərək daim inkişaf edir. Avropa İttifaqının ən fəal üzvlərindən biri olan Macarıstan Azərbaycanın Birlik ölkələri ilə münasibətlərinin genişlənməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq münasibətləri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə öz təsirini göstərir. Macarıstanın Baş nazirinin ötən il Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri, həmin dövrdə bu ölkənin Avropa İttifaqı Şurasına sədrlik etməsi baxımından xüsusi əhəmiyyət kəsb edib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev Macarıstana səfəri zamanı Baş nazir Viktor Orbanın milli maraqları qətiyyətlə qorumasını “əsl qəhrəmanlıq” adlandırıb. Dövlət başçısı Orbanın rəhbərliyi ilə Macarıstanın müstəqil və prinsipial siyasət yürütdüyünü, bunun isə təqdirəlayiq olduğunu bildirib. Əliyev, həmçinin Azərbaycanla Macarıstan arasında oxşarlıqların mövcudluğuna da toxunub.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Viktor Orbanın dəvəti ilə Macarıstana etdiyi işgüzar səfər Azərbaycan–Macarıstan münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verəcək.

“İki ölkə liderinin görüşdən sonra birgə bəyanatla çıxış etmələri və əlaqələri dostluq, strateji tərəfdaşlıq müstəvisində dəyərləndirmələri əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar açır. Prezident İlham Əliyev Macarıstanla Azərbaycan arasında tarixi köklərə toxunaraq xalqlarımız arasında oxşarlıqların mövcud olduğunu bildirib. Cənab Prezident, həmçinin Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasət yürütdüyünü vurğulayaraq, Macarıstanın Avropada ədalətin və sülhün tərəfində durduğunu qeyd edib və bu mövqeni “əsl qəhrəmanlıq” adlandırıb. Macarıstan, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən Azərbaycanla dostluq münasibətlərini genişləndirməklə, eyni zamanda qitənin enerji qapısına çevrilməkdədir. Bu əməkdaşlıq “Orta Dəhliz” layihəsinin uğurla həyata keçirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bu layihə Avropa bazarlarına daha çox və etibarlı enerji təchizatının təmin olunmasına xidmət edir. Hazırda Rusiyadan və Cənub marşrutlarından asılılığın azaldılması fonunda Xəzərdən Adriatik dənizi sahillərinə qədər uzanan alternativ enerji xəttinə böyük ehtiyac duyulur. Bu reallıqlar kontekstində Azərbaycan–Macarıstan əməkdaşlığı Avropa ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az