- Müşahidə məntəqəsi
- 16:45
- 1 132
Zeynal Əmrəliyev: “Vaşinqtonun məqsədi nüvə deyil, islahatçıları önə çıxarmaqdır”

“Son zamanlar ABŞ-ın İranla münasibətləri normallaşdırmaq istiqamətində müəyyən addımlar atdığı müşahidə olunur. Bu proses çərçivəsində Vaşinqton, İranda ABŞ-la dialoqa meyilli olan siyasi qüvvələrin, xüsusilə də Prezident Məsud Pezeşkian və onun komandası kimi islahatçıların mövqeyini gücləndirməyə çalışır. Əslində, ABŞ-ın İranla bağlı son dövrlərdə atdığı addımların əsas hədəfinin məhz bu olduğu qənaətindəyəm. Yəni məqsəd, İranın nüvə proqramının məhdudlaşdırılması və uranın zənginləşdirilməsi məsələlərindən daha çox, ABŞ-la danışıqların yenidən bərpasını dəstəkləyən daxili qüvvələrin gücləndirilməsidir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, Donald Trampın İrana qarşı sanksiyaların yumşaldılması ilə bağlı açıqlaması beynəlxalq rezonans doğurub. O, Çinlə yanaşı, ABŞ-ın da İrandan neft almasını arzuladığını bildirib. Bu, sanksiyaların mərhələli ləğvinin başlanğıcı kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, münaqişə dövründə də ABŞ-la dialoqu dəstəkləyən daxili siyasi qüvvələrin İranda nisbətən daha sərbəst şəkildə fəaliyyət göstərdiyinin şahidi olmuşuq.
“Bu da onu göstərir ki, ABŞ siyasi cəbhədə bu qüvvələrin mövqeyini möhkəmləndirməkdə maraqlıdır. Hazırkı mərhələdə ABŞ bu istiqamətdə müəyyən nəticələrə nail olub. Vaşinqtondan Tehrana yönələn müsbət siqnallar, xüsusilə də bəzi ölkələrə İran neftinin ixracına icazə verilməsi kimi iqtisadi güzəştlər, ABŞ-ın İranın iqtisadi vəziyyətini sabitləşdirməyə yönəlmiş strateji maraqlarını ortaya qoyur. Bu isə İranın zəifləmiş iqtisadiyyatı fonunda xüsusi əhəmiyyət kəsb edir. Əgər İran güzəştə getsə, masa arxasında əyləşsə və razılıq əldə olunsa, ABŞ bu ölkənin beynəlxalq enerji bazarına çıxışına şərait yarada bilər. Donald Trampın da əvvəlki açıqlamalarında qeyd etdiyi kimi, ABŞ həmçinin İrandan neft idxalını da hədəfləyə bilər. Bu isə iki tərəf arasında yeni bir enerji sazişinin imzalanması ehtimalını gündəmə gətirir. Belə bir ssenari təkcə ABŞ üçün deyil, həm də İran üçün faydalı ola bilər. Bu həm İranın iqtisadi maraqlarına uyğundur, həm də ölkənin regional təhlükəsizliyinin təmin olunmasına töhfə verə bilər. Ümumilikdə, yaxın perspektivdə ABŞ və İran arasında danışıqların yenidən başlanması ehtimalı kifayət qədər real görünür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az