- Müşahidə məntəqəsi
- 14 İyul 20:18
- 2 829
Zəngəzur dəhlizi bölgənin siyasi arxitekturasını dəyişir – Aytən Qurbanova

“Əbu-Dabidə keçirilən görüş Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından mühüm siyasi hadisə kimi tarixə düşdü. Görüş zamanı sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regional sabitliyin qorunması əsas müzakirə mövzuları olub. Görüşdən dərhal sonra bəzi erməni mənbələrinin Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edildiyini iddia etməsi bu layihənin nə qədər aktual və beynəlxalq maraq doğuran məsələ olduğunu bir daha təsdiqlədi. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydın və prinsipialdır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol deyil, həm də Türk dünyasını birləşdirən strateji bir körpüdür. Layihə eyni zamanda nəqliyyat, ticarət və enerji kommunikasiyalarını birləşdirən bir platforma kimi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini gücləndirir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə bölgədə yeni reallıqlar yaranıb və bu çərçivədə Zəngəzur dəhlizinin açılması iqtisadi və siyasi baxımdan qaçılmaz zərurətə çevrilib”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, Əbu-Dabidə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəldiyi iddia olunur. Erməni mənbələrinin yaydığı məlumata əsasən, görüşdən sonra kommunikasiyaların açılması ilə bağlı müsbət siqnallar verən İrəvan Zəngəzur dəhlizini Bakı və Ankaraya təhvil verməyə hazırlaşır. Bəzi ekspertlərin fikrincə, bu prosesdə təkcə Rusiya deyil, İran da kənarda qala bilər və hər iki ölkənin vəziyyəti dəyişdirmək üçün təxribatlara əl atması istisna olunmur.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan rəhbərliyinin bu məsələyə yanaşması hələ də ziddiyyətli və qeyri-müəyyəndir.
“Baş nazir Nikol Paşinyan bir tərəfdən regionda kommunikasiyaların açılmasına müsbət yanaşdığını bildirir, digər tərəfdən isə “dəhliz” ifadəsindən çəkinərək daha neytral terminlər işlətməyə çalışır. Bu, İrəvanın hələ də bu məsələdə qəti siyasi iradəyə malik olmadığını göstərir. Halbuki davamlı sülhün və iqtisadi rifahın təmin olunması üçün belə layihələrin reallaşdırılması vacibdir. Digər tərəfdən, Zəngəzur dəhlizi yalnız Azərbaycanla Ermənistan arasında müzakirə olunan bir məsələ deyil. Layihə regionun iki əsas geosiyasi aktoru — İran və Rusiya — üçün də ciddi maraq doğurur. İran bu məsələyə açıq şəkildə neqativ və qeyri-konstruktiv yanaşma sərgiləyir. Rəsmi Tehran hesab edir ki, dəhlizin açılması İran-Ermənistan sərhəd xəttini zəiflədə və bununla da İranın Cənubi Qafqazdakı strateji mövqeyinə zərbə vura bilər. İran rəsmilərinin bu layihəni “qırmızı xətt” elan etməsi və zərurət yarandıqda hərbi-siyasi tədbirlər görəcəklərini istisna etməməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir. Son illərdə sərhədə yaxın ərazilərdə keçirilmiş İran hərbi təlimləri də bu mövqeyin praktik təzahürüdür. Bununla belə, son dövrlərdə Azərbaycan-İran münasibətlərində müşahidə olunan müsbət tendensiyalar qarşılıqlı etimadın formalaşdığını və münasibətlərdə yeni mərhələnin başlandığını göstərir. Bu proses, şübhəsiz ki, İranın dəhlizlə bağlı mövqeyinə də müəyyən yumşalma gətirə bilər. Rusiya isə daha balanslı mövqe tutmağa çalışır, lakin regionda maraqlı tərəf olduğunu gizlətmir. Moskva bölgədəki mövcud nəzarət mexanizmlərini qorumaqda israrlıdır və Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət etmək niyyətini də açıq şəkildə ifadə edir”.
Siyasi şərhçi əlavə edib ki, nəticə etibarilə Zəngəzur dəhlizi yalnız regional deyil, həm də beynəlxalq səviyyədə siyasi və iqtisadi arxitekturanın formalaşmasına təsir göstərə biləcək strateji əhəmiyyətə malik layihədir:
“Bu dəhliz həm Orta Dəhlizin güclənməsinə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sıx inteqrasiyaya təkan verə bilər. Beləliklə, enerji, ticarət və təhlükəsizlik üçbucağında strateji əhəmiyyət daşıyan bu layihə Azərbaycanın milli maraqları çərçivəsində gündəmdə saxlanılır. Azərbaycan beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatların müddəalarına əsaslanaraq Zəngəzur dəhlizinin açılmasını israrlı şəkildə dəstəkləyir və bu mövqeyini bütün beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə edir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az