Zeynal Əmrəliyev: “Türkiyə Rusiya-Ukrayna böhranında etibarlı moderator kimi çıxış edir”

“Türkiyə bu məsələlərdə vasitəçilik missiyasını həyata keçirir. Bu, Rusiya və Ukraynanın birgə təşəbbüsü ilə irəli sürülmüş bir təşəbbüsdür. Rusiya Prezidenti Vladimir Putin İstanbulda Türkiyənin vasitəçiliyi ilə görüşlərin keçirilməsi təklifini vermişdi və Ukrayna da bu təşəbbüsü dəstəkləmişdi. İndiyədək Rusiya ilə Ukrayna arasında əldə olunmuş əsas razılaşmalar məhz Türkiyənin vasitəçiliyi ilə mümkün olub. Əsirlərin mübadiləsi, o cümlədən “Azov” batalyonunun döyüşçülərinin təhvil verilməsi, eləcə də taxıl sazişi və digər önəmli məsələlər Türkiyənin iştirakı ilə həll edilib. Bu da onu göstərir ki, Türkiyə hər iki tərəfin etibar etdiyi ölkədir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Qeyd edək ki, son illərdə Türkiyənin regional və beynəlxalq səviyyədə artan diplomatik fəallığı diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini bir araya gətirməyə yönələn səylər Ankaranın vasitəçilik rolunu daha da gücləndirib.

Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən Türkiyənin vasitəçiliyi yenidən gündəmə gətirilib və bu istiqamətdə danışıqlar davam edir.

“Həm Kiyev, həm də Moskva bu təşəbbüsə müsbət yanaşır. Hazırda Rusiya və Ukrayna liderlərinin İstanbulda görüşməsi məsələsi də müzakirə olunur. Azərbaycan və Rusiya münasibətlərinə gəlincə, prinsipcə Türkiyənin bu məsələdə vasitəçi ola bilməsi mümkündür. Ancaq indiki mərhələdə buna ehtiyac yoxdur. Azərbaycanla Rusiya arasında birbaşa əlaqələr mövcuddur. Məsələn, Rusiyada baş verən təyyarə qəzasından sonra Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanladı. Bu fakt göstərir ki, münasibətlərdə müəyyən gərginliklər olsa da, əlaqələr qopmayıb. Əgər gələcəkdə münasibətlərdə ciddi böhran və ya qırılma baş verərsə, o zaman Türkiyənin vasitəçiliyi aktual ola bilər. Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. Dünyada belə yaxın ikinci bir ölkə tapmaq çətindir. Eyni zamanda, Rusiya da Türkiyəyə müəyyən etimad göstərir. Bu mənada gələcəkdə Türkiyə ikitərəfli münasibətlərin normallaşmasında rol oynaya bilər. Lakin hazırkı mərhələdə Bakı və Moskva arasında dialoq mümkündür və mövcud məsələlər tərəflər arasında birbaşa danışıqlar yolu ilə həll oluna bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az