- Müşahidə məntəqəsi
- 31 İyul 21:00
- 3 808
“Şıxlinskinin təqsirli olması barədə heç bir sübut yoxdur” - VƏKİL

“Qeyd etmək lazımdır ki, bir şəxsin axtarışa verilməsi onun təqsirli olması anlamına gəlmir. Əgər şəxs təqsirli deyilsə, ona qarşı yalnız məhkəmə qərarı əsasında və həmin qərar qanuni qüvvəyə mindikdən sonra hüquqi tədbir görülə bilər. Diaspora rəhbəri Şıxlinskiyə qarşı hər hansı cinayət əməlində təqsirləndirilməsi barədə rəsmi açıqlama və ya sübut yoxdur. Onun axtarışa verilməsi şahid qismində ifadəsinin alınması kimi prosedur xarakterli səbəblərlə əlaqələndirilə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.
Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında axtarışda olan şəxslər siyahısına daxil edilib. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışdadır. Bu hadisə son vaxtlar Rusiyada azərbaycanlılara qarşı təzyiq və təqiblərin artdığını göstərir və eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər.
Hüquqşünas bildirib ki, hazırda Şıxlinskiyə qarşı konkret cinayət ittihamı irəli sürülməyib.
“Axtarışda yer alması onun təqsirli olduğuna dair əsas sayılmamalıdır və hüquqi məsuliyyət üçün kifayət etmir. Rusiya Federasiyasında hüquqi idarəetmə sahəsində qeyri-müəyyənliklərin olduğu bildirilir. Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FSB) arasında mövqelər fərqlidir ki, bu da mərkəzləşdirilmiş idarəetmənin zəifləməsinin göstəricisi sayılır. Bu vəziyyətdə istənilən şəxs əsasız olaraq təqib və ya həbs edilə bilər ki, bu da hüquqi normativlərin əhəmiyyətini azaldır və siyasi təsirlərdən xəbər verir. Nəticədə, belə yanaşmalar Rusiyanın daxili sabitliyi və beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az