- Müşahidə məntəqəsi
- 16:30
- 1 575
“Ermənistan Cənubi Qafqazın reallıqlarına uyğun siyasət aparmalıdır” – Mübariz Göyüşlü

“Ermənistan və onun hökumətinin növbəti addımı həm regionda, həm də Ermənistan daxilində gərginliyi artıran avantürist bir davranış kimi qiymətləndirilə bilər. ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsi, şübhəsiz ki, narahatlıq doğuran məqamlardan biridir. Əlbəttə, Ermənistan suveren dövlətdir və ABŞ-la və ya başqa bir ölkə ilə hərbi təlimlər keçirmək barədə qərarı özü verə bilər. Lakin məsələ ondadır ki, Ermənistan Cənubi Qafqaz kimi həssas bir bölgədə yerləşir və bu cür qərarların belə şəraitdə verilməsi məqsədəuyğun sayılmır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi avqustun 12-dən 20-dək ölkə ərazisində ABŞ-la birgə hərbi təlimlərin keçiriləcəyini açıqlayıb. Təlimlər Qafqaz regionunda geosiyasi balansın dəyişdiyi və Rusiya–Ermənistan münasibətlərinin gərginləşdiyi bir dövrə təsadüf edir. Bildirilir ki, Vaşinqtonla İrəvan arasında hərbi əməkdaşlığın güclənməsi Moskvanın ciddi narahatlığına səbəb ola bilər.
Siyasi şərhçi bildirib ki, bu cür addımlar bölgədəki həssaslığı və gərginliyi daha da artırır.
“Qeyd etmək lazımdır ki, bu, ilk dəfə deyil. Xatırlayırsınızsa, keçən il də Ermənistan və ABŞ arasında birgə hərbi təlimlər keçirilmişdi ki, bu da müəyyən dairələrdə narazılığa səbəb olmuşdu. Təlimlərin güc balansını dəyişdirməsə də, Ermənistan unutmamalıdır ki, onun ərazisində Rusiya hərbi bazası yerləşir. Belə bir şəraitdə Ermənistanın bu cür hərbi təlimlərə qoşulması Cənubi Qafqazda gərginliyi artıran və narahatlıq doğuran addım kimi qiymətləndirilə bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az