- Müşahidə məntəqəsi
- 16:16
- 2 455
"Chatbotlar dəstək verir, amma insan yerini tutmur" - Elvin Abbasov

“Süni intellektlə çalışan chatbotlar və virtual köməkçilər gənclərə müəyyən səviyyədə dəstək göstərmək potensialına malikdir. Onlar informasiya təqdim etmək, streslə bağlı ilkin tövsiyələr vermək, tənhalıq hissini qismən azaltmaq və ya sadəcə “danışmaq” ehtiyacını ödəmək kimi funksiyaları yerinə yetirə bilirlər. Bu baxımdan, texnologiyanın bu forması müəyyən mənada müsbət rol oynaya bilər. Lakin unudulmamalıdır ki, bu alətlər emosional ehtiyacları tam və davamlı şəkildə qarşılayacaq şəkildə hazırlanmayıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
Xatırladaq ki, bugünün gəncləri texnologiya ilə iç-içə böyüyür. Telefon, planşet, sosial media və süni intellektlə çalışan tətbiqlər onların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Lakin bu rahatlıq və əyləncə pərdəsinin arxasında narahatedici bir həqiqət gizlənir – rəqəmsal asılılıq. Saatlarla ekrana baxan, real ünsiyyətdən uzaqlaşan və yalnız virtual aləmdə özünü rahat hiss edən gənclərin sayı getdikcə artır.
O, həmçinin qeyd edib ki, onların empatiya göstərmək, dərin psixoloji dəstək vermək və insanın emosional mürəkkəbliyini düzgün dəyərləndirmək qabiliyyəti hələ kifayət qədər inkişaf etməyib.
“Gənclər chatbotlara həddindən artıq bağlandıqda, real münasibətlərdən uzaqlaşmaq, sosial bacarıqların zəifləməsi və reallıq hissinin itməsi kimi risklər ortaya çıxa bilər. Bu səbəbdən süni intellekt əsaslı köməkçilərdən bir vasitə kimi istifadə faydalı ola bilər, lakin onları psixoloji və emosional dayaq kimi əvəzolunmaz vasitə hesab etmək təhlükəlidir. Ailələr və təhsil müəssisələri bu mövzuda maarifləndirmə aparmalı, gəncləri texnologiyadan səmərəli istifadə etməklə yanaşı, real və sağlam insan münasibətləri qurmağa da təşviq etməlidirlər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az