“Lisey və gimnaziyalar adi məktəblərdən əhəmiyyətli dərəcədə fərqlənir”

“Ümumilikdə, lisey və gimnaziyaların tədris prosesi, həmçinin təlim-tədris metodikası adi orta ümumtəhsil məktəblərindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqlər özünü ilk növbədə dərs cədvəlində və dərs proqramlarında göstərir. Lisey və gimnaziyalarda tətbiq olunan proqramlar ali təhsil müəssisələrinə qəbul imtahanlarına yönəlik formalaşdırıldığından, şagirdlərin bu imtahanlara daha sistemli və effektiv hazırlaşmasına şərait yaradır. Bəzi lisey və gimnaziyalarda pilot siniflər fəaliyyət göstərir. Hətta ümumilikdə bu təhsil müəssisələri pilot məktəb statusunda çıxış edərək, qəbul imtahanlarına hazırlıq istiqamətində xüsusi tədris planı ilə seçilirlər. Bu da onların digər orta məktəblərdən fərqlənən əsas cəhətlərindən biridir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, mərkəzləşdirilmiş imtahanla qəbul aparılan lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq. Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.

Ekspert qeyd edib ki, lisey və gimnaziyalarda yataqxana şəraitinin mövcudluğu, həmçinin şagirdlərin gün ərzində qidalanma ilə təmin olunması valideynlərin diqqətini cəlb edən əsas amillərdəndir.

“Adətən bu məktəblərdə dərslər səhər başlayır və günorta saat 5-ə qədər davam edir. Bu müddət ərzində əsas dərslərlə yanaşı, əlavə hazırlıq və təkrarlara da zaman ayrılır ki, bu da şagirdlərin daha dərindən mənimsəməsinə xidmət edir. Bir çox valideynlər övladlarının belə mühitdə, yəni yataqxana şəraiti olan və günün ikinci yarısında da dərs prosesinin davam etdiyi məktəblərdə təhsil almasını arzulayır. Xüsusilə regionlardan olan şagirdlər üçün bu şərait mühüm üstünlükdür. Çünki nəzarət olunan mühit, əlavə dərs saatları və vahid təlim sistemi onlara ali məktəbə hazırlaşmaq üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, lisey və gimnaziyalarda təhsil alan şagirdlərin qəbul imtahanlarında digər məktəblərlə müqayisədə daha yüksək nəticələr əldə etməsi də cəmiyyətin bu təhsil müəssisələrinə marağını artırır. Bu faktlar valideynlərin də seçimlərini bu istiqamətdə yönəltməsinə səbəb olur. Əlbəttə, belə bir sistemin bütün orta ümumtəhsil məktəblərində tətbiqi arzuolunandır, lakin reallıqda bu, mümkün deyil. Lisey və gimnaziyalar seçimli təhsil müəssisələri olaraq qalmalıdır. Onların fərqliliyi məhz yataqxana, qidalanma, tədris prosesinin intensivliyi və ali təhsilə yönəlik proqramları ilə təmin olunur. Bununla belə, qeyd etməliyəm ki, lisey və gimnaziyalarla bağlı vəziyyət tam ürəkaçan deyil”.

Ekspert əlavə edib ki, bəzən bu məktəblərdə də şagirdlər arasında təhsilə laqeyd yanaşma müşahidə olunur:

“Amma ümumilikdə, bu təhsil müəssisələrinə imtahanla qəbulun tətbiqi, savadlı və hazır şagirdlərin – deyək ki, “qaymağın” – bir yerə toplaşmasına və nəticədə daha güclü rəqabət mühitinin formalaşmasına gətirib çıxarır. Belə bir rəqabət mühiti isə həm şagirdlərin nailiyyətlərinə, həm də ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Yəni, lisey və gimnaziyalarda təhsil alanların əksəriyyətinin ali təhsil müəssisələrinə qəbul olunması, buradakı seçmə və hazırlıq sisteminin effektivliyini göstərir. Bu faktorlar onları adi orta məktəblərdən fərqləndirən əsas göstəricilərdən biridir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az