- Müşahidə məntəqəsi
- 7 Avqust 21:59
- 2 746
"İlin ilk yarısında gəlirlər artsa da, inflyasiya sosial bərabərsizliyi artırır" - Xalid Kərimli

“İlin ilk yarısında ölkədə həm orta aylıq əməkhaqqının artımı müşahidə olunur. Təxminən 9,1 faiz artım qeydə alınıb. Eyni zamanda əhalinin adambaşına düşən nominal gəlirlərində də artım var. Bununla yanaşı, inflyasiya səviyyəsi də yüksəkdir, 5-9 faiz arasında dəyişir. Ərzaq məhsulları və xidmətlər üzrə inflyasiya isə 7 faizdən yuxarıdır, bəzi hallarda 10 faizə qədər yüksəlir. Ümumilikdə pərakəndə ticarət dövriyyəsi artır, əhalinin qeyri-ərzaq məhsullarına olan xərcləri və həmin malların alışı çoxalır. Lakin burada diqqət çəkən məqam odur ki, əhalinin müəyyən bir hissəsi – aşağı və sabit gəlirli insanlar – bu artımlardan eyni şəkildə faydalana bilmir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Xatırladaq ki, ilin ilk yarısında ölkədə həm orta əməkhaqqı, həm də nominal gəlirlər artsa da, inflyasiyanın yüksək səviyyədə qalması sosial bərabərsizliklə bağlı narahatlıqları artırır. Ekspertlər bildirirlər ki, gəlirlərdəki artım əhali qrupları arasında bərabər şəkildə paylanmır. Xüsusilə aşağı və sabit gəlirli təbəqələrin real gəlirləri inflyasiya qarşısında zəifləyir.
Ekspert qeyd edib ki, orta əməkhaqqı və nominal gəlirlər artsa da, bəzi sosial qrupların gəlirlərindəki artım ya daha zəif olur, ya da inflyasiya səviyyəsindən geri qalır.
“Bu isə onların real gəlirlərinin azalmasına səbəb olur və nəticədə həmin vətəndaşlar üçün iqtisadi baxımdan çətin vəziyyət yaranır. Sosial cəhətdən zəif təbəqələrin xərclərinin strukturunda ərzaq və kommunal xidmətlər böyük paya malikdir. Məhz bu xərclər üzrə qiymət artımları daha yüksək olduğu üçün həmin insanlar daha çox təsirlənirlər. Ödənişli xidmətlər və ərzaq məhsullarının qiymətləri 7 faizdən artıq artıb. Bu isə o deməkdir ki, büdcəsində əsas yeri ərzaq və kommunal xərclər tutan şəxslərin real gəlirlərində azalma müşahidə olunur. Bu hal onların gündəlik həyatını daha da çətinləşdirir. Çünki gəlirləri inflyasiyanın artım tempindən geri qalır. Nəticədə inflyasiya yoxsullaşmanı dərinləşdirir, əhali qrupları arasında gəlir bərabərsizliyini artırır. Gəlirlərini inflyasiyadan daha çox artıran qruplar daha üstün mövqedə olurlar və bu vəziyyətdən faydalanırlar. Digər tərəfdən, gəlirləri inflyasiyadan aşağı olan qruplar yoxsulluğun ağır nəticələri ilə üzləşirlər. Əhalinin xərclərinin təxminən 70 faizinin artması da vəziyyəti daha da ağırlaşdırır. Son dövrlərdə kredit xidmətləri üzrə ödənişlər də bahalaşıb. Bu da kredit borcu olan şəxslər üçün əlavə maliyyə yükü yaradır. Mərkəzi Bank inflyasiyanın 5-9 faiz aralığında qalmasını məqbul hesab edir və 6 faizlik inflyasiyanı sabitlik göstəricisi kimi qiymətləndirir. Lakin gəlirlərini inflyasiyadan üstün artıra bilməyən vətəndaşlar üçün bu proses ciddi sosial nəticələr doğurur. Onların alıcılıq qabiliyyəti azalır, maddi vəziyyəti ağırlaşır və cəmiyyətdə təbəqələşmə güclənir. Varlılar daha da varlanır, kasıblar isə daha da kasıblaşır. Bu vəziyyətin qarşısını almaq üçün büdcə siyasətinə yenidən baxılması, əhalinin gəlirlərinin artırılması istiqamətində tədbirlərin gücləndirilməsi və qeyri-zəruri xərclərdən imtina olunması vacibdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az