Xalid Kərimli: Ərzaq qiymətlərindəki artımın əsas səbəbi idxaldır

“Qiymət artımının əsas səbəbi idxaldır. İdxal inflyasiya şəklində ölkəyə daxil olur. Ölkənin ərzaq təminatında idxal böyük paya malik olduğundan, məhsulların çoxunun tərkibində idxal faktorları var. Buna görə idxal qiymətlərin artmasına və inflyasiyaya səbəb olur. Təxminən 60-70 faiz inflyasiyanın artımında idxal faktorunun rolu var. İdxal məhdudlaşdıqda yerli məhsullar da məhdudlaşır, buna görə mal alınması çətinləşir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, son dövrlərdə ölkədə ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Qiymətlərin bir çox ticarət şəbəkəsində eyni vaxtda yüksəlməsi, əsas səbəbin daha geniş iqtisadi proseslərdə olduğunu göstərir. Eyni zamanda, maaşlar, pensiyalar və sosial dəstək ödənişlərindəki artımla ərzaq məhsullarının qiymət artımı arasında tam uyğunluq olmaması vətəndaşların gündəlik xərclərinə təsir edir. Bu vəziyyət iqtisadi sabitliyin qorunması və vətəndaş rifahının təmin edilməsi baxımından diqqətə layiqdir.

Ekspert qeyd edib ki, yerli amillər də mövcuddur.

“Manat avro və rubl qarşısında dəyər itirir. Manat dollarla bağlı olduğundan, dolların dəyəri düşəndə manat da zəifləyir. Manatın dəyər itirməsi idxal inflyasiyasını artırır. Bu ilin əvvəlindən manat daha çox dəyər itirib. Son zamanlar ərzaq qiymətlərinin 25 faizi idxal inflyasiyasından qaynaqlanır, ümumi inflyasiya isə 7 faiz civarındadır. Manatın zəifləməsi burada əhəmiyyətli rol oynayır. Üçüncü faktorlar isə müxtəlif daxili və xarici təsirlərdir. İlin əvvəlindən yanacaq məhsullarının, o cümlədən dizel və benzin qiymətlərində müəyyən artımlar müşahidə olunub. Yanacaq qiymətlərinin yüksəlməsi istehsal və daşımaların xərclərinə təsir edərək ərzaq məhsullarının qiymətinə dolayısı ilə təsir göstərir. Bundan əlavə, ilin əvvəlindən qazın qiymətində 20-25 faiz artım qeydə alınıb. İşçilərin əmək haqqının artması isə yerli istehsalın xərclərinin və daşımaların qiymətinin yüksəlməsinə səbəb olur. Bu amillər birlikdə ərzaq inflyasiyasının əsas səbəblərindən hesab olunur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az