"Sertifikatlaşdırmada uğursuz olanlara sosial dəstək və iş imkanları təmin edilir" - Qoşqar Məhərrəmov

“Sertifikatlaşdırma prosesindən kəsilən insanlar birinci dəfə kəsiliblərsə, onlara bir il müddətində dəstək göstərilir; müəyyən təlimlər, seminarlar və digər resurslar təmin olunur. İkinci dəfə kəsildikdə isə onların əmək müqaviləsinə son qoyulur. Bu proses cəmiyyətdə müəyyən narahatlıq doğura bilər, lakin Təhsil Nazirliyi bunu sosial dəstək və iş imkanları ilə tarazlaşdırır. Nazirliyin məqsədi sertifikatlaşdırmadan ikinci dəfə kəsilən şəxslərin müxtəlif formalarda işlə təmin olunması, sosial narahatlıq yaşamaması üçün tədbirlər görməkdir. Sosial cəhətdən həssas qruplara aid olan insanlar ilə görüşlər keçirilir və onlara təhsil sahəsində, məsələn kitabxanaçı kimi müxtəlif iş imkanları təklif olunur. Bu, humanist və rasional bir addımdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

Qeyd edək ki, sertifikatlaşdırmada uğur qazanamayan şəxslərin sosial vəziyyəti və məşğulluq imkanlarını qiymətləndirmək məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, komissiyalar fərdi görüşlər keçirərək sosial həssaslıq meyarlarına əsasən prioritetlik səviyyələrini müəyyən edib və onların işlə təmin olunması istiqamətində müvafiq tədbirlər görüb.

Təhsil eksperti bildirib ki, sertifikatlaşdırmanın təhsilə ümumi təsiri böyükdür.

“Bu proses vasitəsilə müəllim standartları müəyyən edilir. Məqsəd müəllimlərin minimal səviyyədə fənn biliklərinin 50%-dən yuxarı olması və pedoqoji biliklərinin müəyyən standartlara cavab verməsidir. Bu, müəllimlər üçün zəruri standartdır və dünyanın bir çox ölkəsində mövcud olan təcrübəyə uyğun gəlir. Azərbaycanda isə artıq bu standart formalaşıb və davam etməlidir. Texniki problemlərdən, məsələn, kompüter və klaviatura istifadəsi ilə bağlı çətinliklərdən bəhs edildikdə, sertifikatlaşdırma imtahanlarından keçməyən müəllimlər üçün əlavə dəstək təmin olunmalıdır. Bunun üçün Təhsil Nazirliyi öz öyrənmə platformasını (Learning Management System) yaratmalıdır. Bu platforma vasitəsilə pedoqoji və fənn bilikləri üzrə videolar, məzmunlar və praktiki testlər təqdim edilməli, müəllimlər kurslara getmədən imtahanlara hazırlaşa bilməlidir. Belə bir sistem yaradıldıqdan sonra sertifikatlaşdırma prosesində əsas yük müəllimlərin üzərinə düşəcək və əlavə kurslar, biznes təklifləri artıq zəruri olmayacaq. Bu, həm müəllimlərin, həm də təhsil sisteminin səmərəliliyini artıracaq”.

Rəfiqə Namazəliyeva,

Aznews.az