Elşən Qafarov: Peşə təhsili əmək bazarının tələblərinə uyğun olmalıdır

“Peşə təhsili, istər orta ixtisas, istər ali təhsil, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı təmin edən təhsil pillələridir. Peşə təhsildə müvafiq ixtisaslar üzrə kadr hazırlığı əmək bazarının tələblərinə uyğun olmalıdır. Bunun üçün əmək bazarının öyrənilməsi vacibdir. Son illərdə peşə təhsilində islahatlar aparılıb, xüsusilə peşə təlim mərkəzlərinin yaradılması və peşə təhsilinin infrastrukturunun yenilənməsi sahəyə marağı artırıb. Əvvəllər peşə təhsili ikinci və üçüncü dərəcəli təhsil sayılırdı, lakin görülən müsbət işlər və qəbulun şəffaf keçirilməsi bu sahəyə olan meyli artırıb. Lakin problem ondadır ki, biz hələ də əmək bazarını tam öyrənmirik. 2022-ci il sənədinə əsasən, 2023 və 2024-cü illərdə ölkədə əmək bazarını öyrənən iki institut yaradılmalıdır: biri Elmi Tədqiqat İnstitutu, digəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmalıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Xatırladaq ki, 2025–2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu I mərhələdə başa çatıb. 36 278 nəfər 123 930 müraciət edib, əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə sahələrinə üstünlük verilib. Nəticələr 16 avqustda elan olunacaq, boş yerlərə II mərhələ 26 avqust – 2 sentyabrda keçiriləcək.

Ekspert bildirib ki, beynəlxalq təcrübədə əmək bazarının öyrənilməsi dövlət, özəl sektor və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

“Xidmət sektoru həmişə peşə təhsilinin əsas istiqamətlərindən biridir. Məsələn, kompüter bilikləri, ixtisas üzrə mütəxəssislik, kar güzar sahəsində böyük ehtiyac var. Digər xidmət sahələri ustalıq, bərbərlik və s daxildir. Hazırda ölkədə 5 peşə təlim mərkəzi, 17 peşə liseyi və 12 peşə məktəbi fəaliyyət göstərir. Yeni peşə məktəbləri regionların iqtisadi, sosial və əmək bazarına uyğun olmalı, regionların xüsusiyyətlərinə görə ixtisaslar müəyyən edilməlidir. Məsələn, subtropik bölgələrdə bitkiçilik, Şimal bölgəsində meyvəçilik önəm daşıyır. Eyni zamanda agronom köməkçisi, avtomatlaşdırma və süni intellekt kimi sahələr də regionların ehtiyaclarına uyğun olmalıdır. Əmək bazarına uyğun kadr hazırlığı təmin edilmədiyi müddətcə peşə məktəblərində təhsil effektiv olmayacaq. Hər pillədə, peşə məktəbləri, orta ixtisas və ali təhsildə, əmək bazarının tələbləri nəzərə alınmalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az