Məzahir Məmmədli: Artan təhsil haqqı ilə göstərilən keyfiyyət uyğun deyil

“Məsələ ondadır ki, bəzi deputatlarımız və cəmiyyətin fəal təbəqəsi bizi daha çox xarici ölkələrlə müqayisə edirlər. Halbuki bizdə tibb təhsili Türkiyə, Almaniya, hətta Rusiya səviyyəsində deyil. Ona görə də tibb təhsilini həmin dövlətlərlə, Avropa ölkələri, Kanada, Amerika və digər yüksək standartlı ölkələrlə müqayisə etmək mümkün deyil. Çünki bizim maddi-texniki bazamız və peşəkar müəllim heyətimiz həmin standartlara cavab vermir. Bu gün Tibb Universitetində və digər universitetlərdə təbliğat sistemi qurulmayıb. Əvvəlcədən planlaşdırılmadan yalnız tələbələr ali təhsil müəssisələrinə sənəd verdikdən sonra ödənişlər artırılır. Məsələn, Tibb Universitetində təhsil haqqı 2.000 manat artırılıb, digər dövlət universitetlərində 300–600 manat civarındadır. Pedaqoji kadr hazırlayan universitetlərdə isə artım təxminən 100 manatdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, son günlər Azərbaycan Tibb Universitetində ödənişli təhsil haqlarının artırılması müzakirələrə səbəb olub. 2025–2026-cı tədris ili üçün tibb ixtisasları üzrə illik təhsil haqqı 6500 manata, stomatologiya üzrə 6000 manata, digər sahələrdə isə 5000 manata yüksəldilib. Artımın məqsədini Milli Məclisin Səhiyyə və Elm Təhsil Komitəsinin üzvü Rəşad Mahmudov belə izah edir: tibb təhsili strateji sahədir və yüksək keyfiyyətli təhsil üçün müasir texnologiyalar, ixtisaslı müəllim heyəti və geniş klinik baza tələb olunur; buna görə də təhsilə qoyulan investisiya səviyyəyə uyğun olmalıdır.

Ekspert qeyd edib ki, bütün dəyişikliklər təhsilin keyfiyyətinə uyğun və adekvat olmalıdır.

“Təəssüf ki, biz bu keyfiyyəti görmürük. Peşəkar müəllim heyəti elə qurulmalıdır ki, yüksək ödəniş edən tələbələr ali məktəbdən yüksək səviyyəli həkim kimi məzun olsunlar. Hazırda Azərbaycanda tibb təhsili alan tələbələr, xüsusilə tibb üzrə oxuyanlar tez-tez Türkiyədə və ya Almaniyada rezidentura seçirlər ki, gələcəkdə daha yaxşı həkim olsunlar və ya orada təcrübə keçib işləsinlər. Bu təsadüfi deyil. Məsələn, Almaniyada 2.000-ə yaxın azərbaycanlı həkim çalışır. 10 milyonluq əhali üçün bu böyük rəqəmdir. Faktiki olaraq, potensial həkimlərimizi itiririk. Yaxşı olardı ki, bu istedadlı kadrlar öz ölkəmizdə qalsın və burada faydalı olsunlar. Lakin onlar üçün lazım olan şərait və mühit yaradılmadığından, gedib bilik və bacarıqlarını başqa ölkələrdə artırır, sonra da həmin ölkələrdə səhiyyəyə xidmət edirlər. Hesab edirəm ki, Tibb Universitetində təhsil haqqının birdən-birə bu qədər artırılması həm əhalinin maliyyə imkanlarına uyğun deyil, həm də göstərilən təhsil keyfiyyətinə adekvat deyil”.

Rəfiqə Namazəliyeva,

AzNews.az