- Müşahidə məntəqəsi
- 19:11
- 1 618
“İctimai nəqliyyatda təhlükəsizliyi təmin etmək dövlət, şirkət və nəzarət orqanlarının birgə öhdəliyidir” Eldəniz Cəfərov

“Azərbaycanda ictimai nəqliyyat sahəsində sərnişinlərin təhlükəsizliyi məsələsi hər zaman prioritet sayılır. Avtobus sürücüləri hər reysə çıxmadan öncə mütləq tibbi müayinədən keçməlidirlər. Bu yalnız formal prosedur deyil, həm də yol hərəkətində təhlükəsizliyin təmin olunması üçün vacib tədbirdir. Sürücünün sağlamlığı, diqqət mərkəzi və reaksiya sürəti birbaşa sərnişinlərin həyatına təsir etdiyindən, tibbi yoxlamaların düzgün aparılması həm qanuni, həm də etik məsuliyyət kimi qiymətləndirilir. Daşıyıcı şirkətlər də bu prosesdə mühüm rol oynayır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Qeyd edək ki, Azərbaycanda sərnişin daşıyan “İsuzu” markalı avtobusun sürücüsü sərxoş vəziyyətdə işlədiyi üçün həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yaranıb və onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində sürücünün sərxoş olduğu təsdiqlənib.
Ekspert bildirib ki, daşıyıcı şirkətlər yalnız sürücünü işə buraxmaqla kifayətlənməməli, tibbi müayinələrin bütün mərhələlərini diqqətlə izləməli və nəticələrin düzgün şəkildə qeydə alınmasını təmin etməlidirlər.
“Bu cür tədbirlər həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyini təmin edən əsas mexanizmdir. Sərxoş və ya alkoqollu vəziyyətdə avtobus idarə etmək qətiyyən yolverilməzdir. Belə hallara qarşı tədbirlər yalnız xəbərdarlıqla məhdudlaşmamalı, hüquqi məsuliyyət tətbiq olunmalı və sürücünün fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulmalıdır. Bu cür davranışlar təkcə qanun pozuntusu deyil, minlərlə insanın həyatını riskə atmaq deməkdir. Eyni zamanda, ictimai nəqliyyat sahəsində təhlükəsizlik yalnız sürücünün üzərinə buraxıla bilməz. Dövlət qurumları, nəqliyyat şirkətləri və müvafiq nəzarət orqanları birgə şəkildə fəaliyyət göstərməli, hər bir reysin təhlükəsizliyinə cavabdehlik daşımalıdırlar. Sərnişinlərin rahat və təhlükəsiz səyahəti üçün tibbi yoxlamalar, sürücülərin peşəkarlıq səviyyəsi və nəqliyyat vasitələrinin texniki vəziyyəti sistemli şəkildə izlənilməli və ciddi nəzarət altında saxlanılmalıdır. Bu yanaşma həm sürücülərin məsuliyyətini artırır, həm də ictimai nəqliyyatın etibarlılığını təmin edir. Nəticədə, sərnişinlər təhlükəsiz şəraitdə səyahət edə bilər, daşıyıcı şirkətlər isə qanun və qaydaların tələblərinə uyğun fəaliyyət göstərdiklərinə əmin olurlar”.
Rəfiqə Namazəliyeva,
AzNews.az