- Müşahidə məntəqəsi
- 18:51
- 1 803
“İdxalın azalması qiymət artımını qaçılmaz edir” - Xalid Kərimli

“İdxalın azalması daxili bazarda qiymətlərin artmasına təsir göstərir. Çünki idxal məhsul bolluğunun yaranmasına səbəb olur, məhsul bolluğu isə qiymətlərin aşağı düşməsi təzyiqini yaradır. İdxalın azalmasının iki səbəbi ola bilər: birincisi, tələbatın azalması, ikincisi isə sahibkar üçün həmin qiymətə idxalın sərfəli olmamasıdır. Sahibkarın davranış qaydası belədir: aldığı məhsulu daha baha satmalıdır, əks halda idxal etməyin mənası yoxdur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Xatırladaq ki, ölkəyə idxal edilən ətin həcmi 18% azalıb. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 25 180 ton ət idxal edilib. İdxal edilən ətin ümumi dəyəri 55 116 000 dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcm baxımından 5 542 ton, dəyər baxımından isə 13 427 000 dollar azalıb.
Ekspert bildirib ki, sahibkarın anbarlarında keçən ilin sonunda qalan ehtiyatlar da mövcud ola bilər.
“Statistik rəqəmlər ilin əvvəli ilə bağlı olduğundan, bu da qiymətlərin formalaşmasına təsir edən bir faktordur. İstənilən halda, idxalın azalması bazara çıxarılan məhsul həcminin azalması deməkdir və nəticədə qiymətlərdə artım müşahidə olunur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az