“İşəgötürənlər magistr tələbəsini işə götürməkdə tərəddüd edirlər” - Ramin Nurəliyev

“Ümumiyyətlə, magistratura bəzi şəxslər üçün zəruridir, bəzi şəxslər üçün isə deyil. Yəni, magistratura akademik göstəricidir. Hazırda magistr təhsili Azərbaycanda perspektivliyi çox deyil. Məsələn, pedagoji ixtisasdan nümunə götürək. Pedaqoji sahə üzrə bakalavr pilləsini bitirən hər hansı bir şəxs magistraturada təhsil alandan sonra orta təhsil məktəbində müəllim işləsə, onun əmək haqqına çox cüzi bir əlavə olunur. Cüzi bir əlavə həmin şəxsin iki il magistratura oxumasına dəymir. Tələbə magistraturada oxumaq üçün əziyyət çəkir, işləyir və vaxt sərf edir, amma gələcəkdə əmək haqqında çox cüzi fərq yaranır. Ona görə də əksəriyyət magistraturaya maraq göstərmir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son illərdə ölkəmizdə ali təhsilin magistratura pilləsinə marağın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür. Təəssüf ki, bu, artıq yalnız müşahidə deyil, həm də rəsmi rəqəmlərdə özünü göstərir. 2025-ci ildə boş qalan 3 700 yerin (onlardan 1 200-ü dövlət sifarişi ilə) cəmi 1 418 nəfər tərəfindən seçildiyi qeyd olunub. Magistraturaya qəbul imtahanlarının nəticələri bunu aydın şəkildə təsdiqləyir: həmin şəxslərdən yalnız 617 nəfər qəbul olunub. Dövlət sifarişi üzrə ayrılmış 1 200 yerin isə cəmi 96-sı dolub.

Ekspert bildirib ki, bakalavr pilləsini bitirənlərin əksəriyyəti magistraturaya deyil, birbaşa iş fəaliyyətinə başlayır və gəlir əldə etməyə üstünlük verir.

“Magistratura həm də vaxt tələb edir. Burada iki il müddəti var və buna hazırlıq üçün əlavə vəsait və vaxt tələb olunur. Ödənişli magistratura proqramında oxuyacaq şəxs həm işini davam etdirməli, həm də təhsilini tamamlamalı olur ki, bu da əlavə vəsait və zaman tələb edir. Hazırda vəziyyət budur. Magistratura akademik dərəcə olduğuna görə, bəzi hallarda magistr dərəcəsi almağın bakalavr təhsilinə nisbətən çox böyük faydası olmadığının müşahidə edirik. Eyni zamanda, magistr təhsili alanlar institutlarda dərs vermək imkanına malik olurlar, amma ciddi perspektiv baxımından fərq yoxdur. Məsələn, məktəb direktorlarının, müavinlərin vəzifə seçimində magistr dərəcəsinə üstünlük verilirsə, əmək haqqında müəyyən fərq olarsa, magistr dərəcəsi alanların akademik göstəricisi nəzərə alınarsa və onlara dərs saatı, əlavə akademik fəaliyyət üçün müəyyən vaxt ayrılarsa, bu, magistraturaya marağı artırardı. Magistratura üçün vaxt və maliyyə sərf olunur, amma diplom aldıqdan sonra bakalavr təhsili ilə müqayisədə çox böyük fərq hiss olunmur”.

Ekspert əlavə edib ki, bəzi hallarda magistr təhsili alanların iş yeri ilə bağlı problemlər də yaranır:

“İşəgötürən, magistr təhsili alan şəxsin dərs saatları, məqalə və digər akademik işləri səbəbindən icazə istəyəcəyini biləndə, onu işə götürməkdə tərəddüd edə bilər və digər namizədləri seçə bilər. Buna görə də bakalavrlar magistraturaya yönəlməkdə ehtiyatlı olurlar və çoxu birbaşa əmək fəaliyyətinə üstünlük verir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az