- Müşahidə məntəqəsi
- 26 Avqust 22:14
- 1 420
“Məktəbli geyimlərində nəzarət gücləndirilib” - Məzahir Məmmədli

“Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş məktəbli formaları məktəblərə təqdim olunur. Hər məktəb dörd formadan birini seçə bilər və seçim məsələsində müəyyən azadlıq verilir. Formaların seçimi məktəblərin pedaqoji şuraları və valideyn komitələri ilə birgə həyata keçirilir. Sonra satış məntəqələrindən həmin məktəb üçün seçilmiş formanı valideynlər övladları üçün ala bilirlər. Lakin əvvəllər bəzi neqativ hallar yaşanıb, məsələn, ayrı-ayrı fabrik rəhbərləri ilə əvvəlcədən razılaşmalar aparılıb. Bu, müəyyən problemlər yaradıb”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, məktəblərin açılmasına cəmi 20 gün qalıb və valideynlər yeni tədris ili öncəsi hazırlıqlara başlayıblar. Hər il olduğu kimi, bu dövrdə məktəbli geyimləri, çantalar, dəftər-qələm və digər dərs ləvazimatlarına tələbat artır. Valideynlər övladlarının məktəbə tam hazır başlaması üçün həm geyim, həm də dərs vasitələrinin alınmasına xüsusi diqqət yetirirlər. Bu isə bazarlarda və mağazalarda canlanmaya, həmçinin qiymət artımlarının daha aydın hiss olunmasına səbəb olur. Ötən illərlə müqayisədə yeni tədris ili öncəsi xərclərin daha yüksək olduğu müşahidə edilir.
Ekspert bildirib ki, son bir ildə bu sahədə həm Təhsil Nazirliyi, həm də yerli təhsil idarələri xüsusi nəzarət tədbirləri həyata keçirir və valideynlərin əlavə xərclərə məruz qalmasının qarşısını almağa çalışır.
“Məktəb bazarında qiymətlər artıq zövqə bağlı məsələdir. Məsələn, çantaların qiymətləri məktəbdən-məktəbə fərqlənir. Ümumilikdə isə bir uşağın çantasına xərclənən məbləğ orta siniflər üçün təxminən 200 manat civarındadır. Xüsusilə ibtidai sinif şagirdləri üçün çantaların ağırlığı məsələ yaradır, çünki ağır çantalar uşaqların məktəbə müstəqil getməsini çətinləşdirir. Bu yaxın vaxtlarda bu problemin həlli üçün təşəbbüslər gözlənilir. Təhsil Nazirliyi artıq bütün dərs vəsaitlərini elektron qaydada təmin etməyə çalışır. Əgər məktəblərdə notbuklar və digər vasitələr istifadə olunarsa, şagirdlərin ağır kitabları çantada daşımağına ehtiyac qalmayacaq. Ötən illərdə bəzi dərs vəsaitlərinə əlavə yazı dəftərləri daxil edilirdi, lakin artıq valideynlər bu əlavələri almaq məcburiyyətində deyillər. Məktəb rəhbərliyi bu məsələlərə diqqətlə yanaşmalıdır, çünki nəşriyyatlar dərsliklərin hər dəstinə əlavə materiallar əlavə edir ki, şagirdlərin yazı işini asanlaşdırsın və onlara dəstək olsun”.
Rəfiqə Namazəliyeva,
AzNews.az